Uşağı məktəbə yazdırana qədər... bir toyun xərcini çəkirlər
“Məktəbəqədər hazırlıq kursları valideynlər üçün yeni pul tələsidir. Onsuz da uşaq məktəbə qədəm qoyan gündən etibarən hazırlıqlara başlayır. Bunu 5 yaşından başladanda nə olur? Axı birinci sinifdə uşağa hər şeyi sıfırdan başlayıb öyrədirlər. Bizim uşaqlar hazırlığa getmirdi, bəyəm universitetə qəbul olunmadı?”
Bu fikirləri üç nəvəsi olan 64 yaşlı Səriyyə Vahabova deyir. Onun sözlərinə görə, indi uşaqların 5 yaşından kurslara cəlb edilməsi valideynin vaxtını və pulunu oğurlamağa hesablanıb. Müsahibimiz hesab edir ki, Azərbaycanda “bələkdən qəbirədək oxumaq” söhbətini yanlış anlayıblar. İndi ölkəmizdə bu sahənin də çox bahalı olduğunu deyən S.Vahabova əkiz nəvələrinin 2016-2017-ci tədris ilində kursa getməsinə ümumən 900 AZN-ə yaxın pul ödədiklərini vurğuladı: “Kursun aylığı 50 manat idi. İkisi də getdi nəvələrin. Oğlumla gəlinim israr etməsə mən qoymayacaqdım. Axı hər bir valideyn evdə uşağını daha yaxşı hazırlaya bilər. Allaha şükür, indi məktəbəqədər hazırlıq kitabları çoxdur. Elementar savadı olan valideyn isə uşağını özü hazırlaşdıra bilər. Məncə, valideynlər bu məsələdə tənbəllik edirlər”.
Məktəbəqədər hazırlıq kursuna gedən uşaq... müsabiqəyə girmir
Amma reallıq yaşlı nənənin dediklərindən xeyli fərqlidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən məktəblərin böyük əksəriyyətində məktəbəqədər hazırlıq kursları təşkil olunub. Bir ildə məktəbəqədər təhsilin əhatə dairəsi 5 yaşlı uşaqlar üçün 55%-ə çatıb. Təhsil naziri Mikayıl Cabbarov da bugünlərdə mediaya verdiyi müsahibədə bu rəqəmi təsdiqləyib və bildirib ki, sözügedən məsələdə daha ciddi hədəfləri var. Nazirlik bu gedişlə 2020-ci ilə qədər məktəbəqədər təhsilin əhatə dairəsinin 90 faizə qədər artırılacağının anonsunu verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2 ildir ki, I sinfə qəbulu elektron sistem vasitəsilə həyata keçirir. Statistikaya nəzər salsaq, 2015-ci ildə məktəbə hazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdi. 2016-cı ildə bu göstərici 55 faiz olub. Bir məqamı da yada salaq ki, məktəbə hazırlıq qruplarında uşaqlar dövlət hesabına dərs vəsaitləri ilə təmin olunurlar. Bundan başqa, Bakının ümumi təhsil məktəblərinin məktəbə hazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, keçirilən təlimlərə ümumilikdə 850 müəllim cəlb edilib. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və psixoloqlar tərəfindən aparılıb. Ümumiyyətlə isə məktəbəqədər hazırlıq qruplarına cəlb olunan uşaqlar birinci sinifə müsabiqədən kənar qəbul olunurlar. Bir çox valideynlər isə məhz “müsabiqə faktoruna” görə bu kurslara üstünlük verir. Necə deyərlər, riskə girməmək üçün.
Valideyndən etiraf: “Ali savadlı olsam da, 5 yaşlı qızımı müsabiqəyə fərdi hazırlaya bilmədim və...”
Əksər valideynlər uşaqlarını məktəbəqədər hazırlıq kurslarına yazdırırlar. Bir çox hallarda seçim özəl kurslardan, bəzənsə orta məktəblərdə təşkil olunan kurslardan yana olur. Amma övladını bağçadakı özəl hazırlıq kursuna yazdıranlar da az deyil. Valideynlər özlərinin ali təhsil durumuna, iş qrafikinə baxmayaraq, bu məsələdə professionallara etibar etmənin tərəfdarıdır. Ötən il 5 yaşlı qızını özəl hazırlıq kursuna yazdıran Mətanət Verdiyeva deyir ki, müsbət nəticə əldə edib: “Bizim valideyn olaraq savadlı olmağımız heç də uşağı lazımi səviyyədə hazırlamağımız üçün kifayət deyil. Mənim qızım 6 yaşına çatmamış uşaqların keçdiyi sınaq imtahanından keçdi. Orda ona verilən məntiq suallarının heç birini mən ona öyrədə bilməzdim. Amma onu hazırlaşdıran müəllimə ümumi sual bazasından xəbərdar idi, istiqaməti də o cür müəyyən etmişdi. Qızım ona verilən 10 sualın hamısına düzgün cavab verdi. İmtahandan bir həftə sonra isə telefonumuza mesaj gəldi ki, qızınız qəbul olunub”.
Binəqədi rayonundakı orta məktəblərdən birində ibtidai sinif müəlliməsi kimi çalışan Lətafət İsmayılova isə iddia edir ki, uşaqların hazırlıq kurslarına getməsi şərtdir. Onun fikrincə, hazırda birinci siniflərin dərs proqramı və yükü olduqca ağırdır: “Hazırlıqsız uşaqla işləmək olduqca çətindir. İndi siniflərdə minimum 25-27 şagird olur. Dərsi qavramayan uşağa həmin dərsi uzaqbaşı iki dəfə izah etmək mümkündür. 45 dəqiqəlik dərs bizə bəs etmir. Ona görə də onların əvvəldən yetərincə bazası olmasa, irəliləyiş əldə edə bilməz”.
L.İsmayılovanın fikrincə, indi əvvəlki dövrlərlə müqayisə aparmaq, kurslara ehtiyac olmadığını demək ən yaxşı halda cahillikdir: “Valideynlər əksər hallarda işləyirlər. Biz isə hər gün yeni dərs, yeni mövzu keçirik. Uşaq öz gücünə bunların öhdəsindən gələ bilmir. Çünki daha öncədən bununla bağlı heç bir baza formalaşdırılmayıb. Təməli möhkəm olmayan uşaq yuxarı siniflərdə də yüksək nəticə göstərə bilməz. Hazırlıq kursları isə uşaqlara ən azından əlifbanı öyrədir, məntiq suallarının öhdəsindən gəlməyə yardım edir. Bütün bunlar vacibdir”.
Qanun nə deyir - kimlər dərs keçə bilər, şərtlər necədir?
“Məktəbəqədər təhsil haqqında” Qanun isə bu ilin iyunundan etibarən qüvvəyə minib. Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur. Qanuna görə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.
Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.
Ölkədə məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin bu növləri müəyyən edilir: körpələr evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; uşaq evləri; məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri; təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi; müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi; sanator tipli məktəbəqədər təhsil müəssisəsi; sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri; elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri; ailə tipli kiçik qrup evi; uşaqlar üçün icma əsaslı təlim qrupları. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər. Təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir. Lisenziya müddətsiz verilir.
Təhsil üzrə ekspert Etibar Əliyev “Yeni Müsavat” açıqlamasında bildirdi ki, Təhsil Nazirliyi tərəfindən bu prosesin sürətləndirilməsinin səbəbi daha öncə göstəricilərin aşağı olması ilə bağlıdır. Onun fikrincə, məktəbəqədər təhsil müəssisələrində gedən özəlləşmə prosesi bu məsələləri daha da geri atdı: “Özəlləşən uşaq bağçalarının profili dəyişdi və başqa sahəyə çevrildi. Bu sui-istifadə idi. Regionlarda da bu durum çox aşağı səviyyədədir. Məktəbəqədər hazırlıq kurslarının yaradılması məhz bu məqamda ortaya qoyulan bir layihədir. İndiki məktəblərin böyük əksəriyyətində şəraitin olmamasını baxmayaraq rasional yönümə salmağa çalışırlar. Bu, o vaxta qədər geniş vüsət almalıdır ki, onların əhatə dairəsi 70 faizə çatsın”.
Müsahibimiz hesab edir ki, hələlik bu missiya maksimum səviyyədə davam etməlidir. Onun sözlərinə görə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər hazırlığın təhsilin digər mərhələlərində böyük rolu var: “İnkişaf etmiş ölkələrdə bu göstərici 70-90 faizdir. Bəzi postsovet ölkələrində isə sözügedən rəqəm 50 faizə çatıb. Bu şəbəkəni genişləndirmək, tərbiyəçi-müəllim heyəti formalaşdıraraq prosesi davam etmək lazımdır”.
Qrupda ən çoxu 15 uşaq ola bilər - qaydalar sərtdir
Statistikaya nəzər salanda isə 2016-2017-ci illər üzrə bu sahədə xeyli irəliləyiş görünür. Öncə ondan başlayaq ki, bu il ilk dəfə olaraq dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları açılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə" 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilib. Bundan başqa, məktəbə hazırlıq qruplarında uşaqların sıxlığı belə müəyyənləşdirilib: qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Növbəti tədris ilində isə məktəbhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 65 faizini təşkil edəcək. 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda isə 23 130 uşaq məşğələyə cəlb olunub.
Məlumat üçün həmçinin bildirək ki, yeni dərs ilində dövlət məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarına 2012-ci ildə anadan olmuş və həmin vaxt 5 yaşı tamam olacaq uşaqlar cəlb ediləcək.
Orta məktəbdə 40 manat, özəl kursda 100 manat - seçim valideynlərə qalıb
Bir neçə il öncəyə qədər məktəblərdə həftədə bir dəfə olmaqla ödənişsiz olan məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərirdi. Hazırda onların yerini ödənişli, aylıq məbləği 40 AZN olan, həftədə 3 dəfə keçirilən kurslar alıb. Doğrudur, valideynlər daha çox uşaqlarının gələcəkdə təhsil alacağı orta məktəbdəki hazırlıq kurslarını tərcih edirlər. Bu seçim onlara uşaqların gələcək müəllimlərini daha yaxından tanıyıb, ona öyrəşmə prosesini də sürətləndirir. Amma şəhərdəki özəl məktəbəqədər hazırlıq kurslarının da sayı xeyli çoxdur. “Yeni Müsavat” ordakı qiymətlərlə maraqlanıb.
“Üç alma” adlı hazırlıq kursunun aylıq ödənişi 75 AZN-dir və həftədə 3 dəfə dərs keçirilir. Kursa getməzdən əvvəl valideynlər ümumi dəyəri 50-60 AZN olan kitablar alırlar. Kurs boyunca uşaqlara elementar bilgilərlə yanaşı, imtahana hazırlıq, məktəb xofunun aradan götürülməsi kimi bilgilər də verilir.
“Zəfər” kurslarında məktəbəqədər hazırlıq 4-5-6 yaş uşaqlar üçün nəzərdə tutulub. Kursda ana dili tədrisi, yazı, ingilis və ya rus dili, məntiqi təfəkkürün inkişafı, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, ətraf aləmlə tanışlıq, intellektual oyunların tədrisi nəzərdə tutulur. Hazırlıq kursunda dərslər həftədə 3 dəfə keçirilir. Qrup halında olan məşğələlər üçün aylıq ödəniş 80 AZN, fərdi hazırlıq isə 100 AZN-dir.
“Hədəf” kursunda məktəbəqədər hazırlıq kursunun bir aylıq ödənişi 60 AZN-dir. Burada məşğələlər həftədə iki dəfə keçirilir. Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.
Sorğu
Yeni dizaynımız necədir?