Ermənistan isterikada: “Nə qələt ediblər ki...”; Ermənistanın ən qorxduğu Rusiyanın onları Qarabağda müharibə ilə cəzalandıra biləcəyidir-bu ssenari olarsa, Azərbaycan cəmi bir həftəyə qoşunlarını Laçın koridoruna çıxara, Ağdam-Xocalını işğaldan azad edərək Xankəndinə yaxınlaşa bilər; rusiyalı ekspert: “Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir”
İyulun 4-də Ermənistanın işğalçı qüvvələrinin Alxanlı kəndində azyaşlı körpəni qətlə yetirməsi ilə Qarabağda müharibə riski daha da artıb. Ermənistanın işğalçı və vəhşi mahiyyətini bir daha ortaya qoyan bu hadisə rəsmi Bakının diplomatik cəbhədə ermənilərə ağır zərbələr vurması ilə nəticələndi. Dünya ölkələri, əcnəbi diplomatlar rəsmi İrəvanın “çocuq qatili” olmasına bir daha şahidlik etdi. Bu hadisə Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad etmək üçün hər cür əsası olduğunu sübut etdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin əvvəl verdikləri ənənəvi bəyanatı sonradan dəyişməsi əslində Azərbaycan cəmiyyətində “müharibədən başqa yol yoxdur”, çağırışlarını qismən də olsa önləməyə hesablanmışdı. Həmsədr ölkələr Qarabağda məhz Ermənistanın pozucu əməlləri nəticəsində yaranmış gərginliyi azaltmaq üçün demək olar ki, daha gecələr də rahat yatmırlar.
Çünki Ermənistanın başını sığallayan həmsədr ölkələr müharibənin alovlanacağı təqdirdə onların da üzərinə ciddi məsuliyyət düşəcəyinin fərqindədirlər. Bu səbəbdən də son günlər onların səsləri daha möhkəm çıxmağa başlayıb. Xarici işlər nazirlərini Brüsseldə bir masa arxasında oturtmağa nail olan həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif ediblər. Həmsədrlərin yaydığı bəyanatda bildirilir ki, Məmmədyarov və Nalbəndyan öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. “Həmsədrlər prezidentlərin görüşünün təşkilinə köməklərini təklif ediblər” deyə, bəyanatda bildirilir.
Amma təkcə Azərbaycanda və işğalçı ölkədə deyil, münaqişə ilə yaxından maraqlanan tanınmış ekspertlər də Qarabağda hər gün artan müharibə ehtimalından danışırlar.
“Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir. Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq”. Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib: “Konfliktə təsir edən daxili və xarici faktorlar var. Hər iki tərəf intensiv şəkildə öz gücünü artırır. Genişmiqyaslı toqquşmaların qarşısını almaqdan ötrü nəsə etmək lazımdır. Genişmiqyaslı müharibəni başlamaq üçün təsadüfi olmayan, məqsədyönlü fəaliyyətlər tələb olunur. Tərəflərdən hansısa biri qərar verməlidir ki, başqa variant yoxdur və uğur qazanılması üçün heç olmasa lokal zərbə endirilməlidir”, deyə, Felgenhauer vurğulayıb.
Ekspertin fikrincə, Qarabağda atəşkəslə bağlı edilən çağırışlar kifayət deyil: “Biz Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinə müəyyən siyasi səbəblərin izn vermədiyini görürük. Situasiya kompromislər və ciddi de-eskalasiya olmadan dəyişməyəcək. Genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir. Tərəflər hələlik ciddi hərbi fəaliyyətləri başlamağa hazır deyil. Bu, çox yaxşıdır, amma bu, savaşın qarşısını almaq üçün yetərli deyil”.
Müharibənin başlayacağı barədə xəbərdarlıqlar Ermənistanın özündə də ciddi narahatlıq doğurmaqdadır. Rəsmi İrəvan Alxanlıdakı qətli də üzərindən təmizləyə bilməyəcəyinin fərqindədir və bu səbəbdən də “tülkü kimi gizlənmək” siyasətinə üstünlük verirlər. Amma erməni ekspertləri artıq mümkün müharibə variantında onları gözləyən təhlükələr barədə açıq danışmaqdan çəkinmirlər.
Bu aqoniya əhval-ruhiyyəsi Rusiyanın Azərbaycana növbəti partiya silah göndərməsi fonunda daha da artıb. İrəvanda bunu hətta “Rusiyanın Azərbaycanı Ermənistana qarşı müharibəyə təşviq eləməsi” kimi izah edirlər. Məsələn, erməni siyasi şərhçisi Sərkis Arsruni Azərbaycanın növbəti dəfə müharibəyə hazırlaşdığı haqda xəbərdarlıq edərək, həmçinin işarə vurur ki, bunu Moskvanın razılığı ilə olmasa da, susqun razılığı əsasında edir. “Cəbhədəki son eskalasiyalar fonunda da növbəti partiya Rusiya silah-sursatı Azərbaycana göndərməsi onu göstərir ki, Moskva yeni müharibədə maraqlıdır - böyük ehtimalla da o ümidlə ki, regionda bu yolla öz təsirini gücləndirəcək”, - deyə ekspert bildirib. Erməni analitik əlavə edib ki, müharibə başlayarsa, Rusiyanın da cavabdehliyi böyük olacaq.
Rusiyanın mümkün müharibə variantında hansı mövqe tutacağı son günlər yenidən ciddi müzakirə mövzusuna çevrilməkdədir. Ötən il Qarabağdakı 5 günlük lokal müharibə zamanı bir daha təsdiqləndi ki, nə Fransa, nə ABŞ-ın müharibəni dayandırmaq imkanı yoxdur, bu, yalnız Moskvanın vasitəçiliyi ilə mümkündür. İndi yeni müharibə riskinin artdığı bir vaxtda da həm Bakıda, həm İrəvanda “Moskva indi hansı mövqe tuta bilər” müzakirələri aktuallaşıb. Azərbaycan ekspertləri bu müzakirələrdə birmənalı rəy bildirmir, çünki Rusiyanın Qafqaz siyasətində dəyişən dəngələri hesablamaq o qədər də asan deyil. Ermənistanda isə açıq şəkildə Rusiyaya təzyiq elementləri hiss olunmaqdadır. Ermənistandan artıq təhdidlər də var ki, Rusiya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə imkan verəcəyi təqdirdə İrəvan Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlüyünü dondurmalıdır.
Bu “məni qoru” yalvarışı əvəzinə, Kremlə açıq təhdid, daha dəqiqi, şantaj siyasətidir ki, Ermənistan rəhbərliyi bunun üçün hələ ekspertləri önə verib. Amma aydındır ki, Ermənistanda sağlam düşünən adamlar müharibə başlayacağı və Rusiyanın loyallığını qoruyacağı təqdirdə İrəvanın belə təhlükədə olduğunu anlayırlar. Di gəl ki, “qorxuruq, bizi Azərbaycandan qoruyun”, demək əvəzinə, şantaj siyasəti işə salınır ki, bu da ermənilərin xislətindən xəbər verir. İrəvan Rusiyanın bütün göstərişlərinə əməl etmək məcburiyyətindədir, amma Kremlə inanmadıqlarını da məqamı düşən kimi büruzə verirlər. Son aylar İrəvan rəhbərliyinin Avropa Birliyində, Brüsseldə NATO koridorlarında sülənmələrinin əsas səbəblərindən biri də özlərinə mümkün Qarabağ savaşında yeni “qoruyucu ilahələr” tapmaq niyyətindən xəbər verir. Kreml hələ ki, İrəvanın “yeni dayı” axtarmaq prosesini diqqətli izləyir. Bugünlərdə Kremlə yaxın rosbalt. ru saytı Ermənistanı ağıllı olmağa çağırış edərək xəbərdarlıq da etmişdi. Sitat: “Ərazisini Rusiya hərbi bazası hesabına qarantiya altına alan Ermənistan niyə NATO ilə bu cür oyunlara həvəslənib? Rusiyanın və İranın bu məsələyə mövqeyi necə olacaq? Əlbəttə ki, çox pis. Rusiya Ermənistanın iki stulda oturmasına heç vaxt imkan verməyəcək. İrəvanın ”çoxqütblü xarici siyasət" bəhanəsi isə Ermənistanın özü üçün pis qurtaracaq". Burada “ərazisi” sözü ustalıqla “maskirovka” edilsə də, şübhə yoxdur ki, söhbət Qarabağdakı işğal edilmiş ərazilərdən də gedir. Ermənistanın isə ən qorxduğu ssenari Rusiyanın onları Qarabağda müharibə ilə cəzalandıra biləcəyidir. Bu ssenari olarsa, Azərbaycan cəmi bir həftəyə qoşunlarını Laçın koridoruna çıxara, Ağdam-Xocalını işğaldan azad edərək Xankəndinə yaxınlaşa bilər. “Bir həftəlik canı” olan Ermənistanın müharibədən çox qorxduğu, ən əsası Rusiyanın mövqeyindən narahatlıqları aşkar ortadır.
Rusiyanın Ermənistanı qurban verə biləcəyinə inananlar azdır ki, bu da qeyd edilməlidir. Amma unutmaq olmaz ki, “su boğaza çıxanda meymun da balasını ayağı altına qoyur”. Ermənistanın işğalçı siyasəti Rusiya rəhbərliyinə də dünyada xeyli başağrısı gətirir. Kremlin buna rəğmən hələ Ermənistanın arxasını qoruması, ermənilərin isə dara düşən kimi Rusiyaya dil uzatmaları indiki situasiyada Azərbaycanın çox xeyrinədir. Eləcə də Ermənistanın narahatlığı psixoloji baxımdan Azərbaycana xeyli üstünlüklər verir.
Bəlkə Ermənistanın elədiyi böyük bir qələti biz bilmirik ki, İrəvanda bu qədər narahatdırlar?/musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?