Saat 14.00 radələrində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri Turan İnformasiya Agentliyində axtarışı yekunlaşdırıblar və agentliyin ofisini tərk ediblər.
Vergi əməkdaşları 2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, kargüzarlıqla və onlara "maraqlı" gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətlərini götürüblər. Agentliyin mühasibinin şəxsi noutbuku da götürülüb. Bu zaman əməkdaşların şəxsi əşyalarına və bəzi kompütelərin yaddaşına baxış keçirilib. Amma istintaq orqanları jurnalistlərin işi ilə bağlı məlumatla maraqlanmayıblar. Maraqlıdır ki, agentlik nümayəndələri vergi əməkdaşlarına sənədlərin surətlərini avqustun 17-də təqdim edəcəklərini söyləməsinə baxmayaraq, axtarış aparılıb. Digər tərəfdən, agentliyə avqustun 8-də cinayət təqibi başlanması haqqında rəsmi məlumat verilib və sənədlərin təqdim edilməsi üçün 15 gün vaxt ayrılıb. Turan Agentliyi bir daha bildirir ki, vergi ödənişindən yayınma haqqında bütün iradları rədd edir, cinayət işini qərəzli, sifarişli, jurnalistlərin peşə fəaliyyətinə qarşı yönəlmiş addım kimi qiymətləndirir. Agentlik cinayət işinin əsassız olduğu barədə şikayətlə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Amma məhkəmə hələlik hazırlıq iclasının tarixini müəyyən etməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?