İranlı Mühacirlər Cəmiyyəti sentyabrın 2-də müğənni Tahirə Muradovanın yaradıcılıq gecəsini keçirib.
T. Muradovanın 65 illik yubileyinə həsr olunmuş sözlü-nəğməli tədbirdə cəmiyyət üzvləri, onun sənət yoldaşları və qonaqlar iştirak ediblər. Yaradıcılıq gecəsini İMC – nin sədri, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə açıb. O deyib ki, tədbirimiz olduqca əlamətdar gündə keçirilir. Bir tərəfdə hamımızın müqəddəs Qurbanlıq bayramı dayanır, digər tərəfdə ata-babalarımızı Təbrizdə Milli Hökumətin qələbəsinə qovuşduran “21 Azər” Hərəkatının təşkilatçısı Azərbaycan Demokrat Firqəsinin təsisini bəyan edən 12 şəhrivər (3 sentyabr) bəyamnaməsinin 72 il əvvəl qəbulu. R. Hüseynzadə hər iki bayram münasibətilə ilə iştirakçılara xoş duyğularını yetirərək vurğulayıb ki, sənətinin işığına toplaşdığımız Tahirə xanıma da təbriklərdən pay düşür. Xəlil kişinin qız övladlarından sonralar Azərbaycanın xalq artisti Rübabə Muradova yeniyetmə yaşlarından inqilab nəğməkarı idi. Mühacirət illərində bacıları Mahrux və Tahirə də onun yolunun davamçıları oldular. Sədr yubiliyara bundan sonrakı fəaliyyətində də uğurlar arzulayaraq ona Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə və İranlı Mühacirlər Cəmiyyətinin 70 illik yubileyi ilə əlaqədar İMC-nin diplomunu təqdim edib. İMC sədrinin birinci müavini Firidun İbrahimi və Qadınlar Təşkilatının sədri Möminat Puhən yubilyarın 50 ilə yaxın səhnədə çıxışlarını göz önünə gətirərək onun ilk növbədə ata-baba yolunun sədaqətli davamçısı kimi sevildiyini diqqətə çatdırıblar. Onlar T. Muradovanın çoxillik səhnə xidmətlərinin nəzərə alınaraq fəxri ada təqdim edilməsi təklifini irəli sürüblər. Böyük Vətən Müharibəsi veteranı İsmayıl Fərəcov odlu-alovlu illərdə Təbrizdəki hərbi xidmətini, yubiliyarın bacısı Rübabənin çıxışlarını xatırlayaraq deyib ki, Tahirə xalqa xidmət üşün parıltılı salonlar axtarmır. Əksəriyyətin üz tutmadığı qocalar və kimsəsizlər evlərində, veteranlar qarşısında çıxışlarından qürur duyur. İMC –nin Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq Mükafatı laureatı Tariyel Ümid ürək sözlərini poetik misralarla bitirib. Sonra cəmiyyətin “Məşəl” ansambılının üzvləri, Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvi və Niyazi Salmanov ürək sözlərini mahnılar, Həsən Cəbrayılov isə parodiyalarla dilə gətiriblər.Sonda yubiliyar çıxış edərək belə diqqətə və həssalığa görə cəmiyyət rəhbərliyinə və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?