“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi avqustun 1-dən yeni layihəsinin icrasına başlayıb. Bu ilin dörd ayını əhatə edəcək layihə “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” adlanır. Cəmiyyətin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhim Hüseynzadə bildirib ki, narahat dünyamızda yaşanan, hətta əndazəsini aşan mühacir problemləri təşkilatımızı da qayğılandırmaqdadır. İranlı mühacirlər zaman-zaman Azərbaycana pənah gətirsələr də bunun ən kütləvi tarixçəsi 1947-ci ilin əvvəlindən başlayır. Bu tarixçə həm də 70 ildə keçdiyimiz mənalı və şərəfli yola bir baxışdır. İranlı mühacirlər Azərbaycanda daim doğma yurdlarındakından da yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Bu indinin özündə də davam etməkdədir və kəskin mühacir probleminin dünyamızı sirkələdiyi bir məqamda Azərbaycan modeli görüb-götürüləsi əyani nümunədir. Biz istəyirik ki, ölkə ictimaiyyəti də, xarici dövlətlər də, beynəlxalq təşkilatlar da bunun mahiyyətindən ətraflı məlumatlı olsunlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəmizə maliyyə dəstəyi verməklə bu missiyanın yüksək səviyyədə reallaşdırılmasına köməyini əsirgəməyib. Cəmiyyət sədri layihə çərçivəsində “İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda Bakı, Gəncə, Şamaxı və Zaqatalada “dəyirmi masa”ların keçirilməsinin , həmin tədbirlərdə elm, təhsil, səhiyyə, mədəniyyət və quruculuq işlərində fərqlənən mühacirlərin və onların övladlarının mükafatlandırılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?