Məhkəmə ona 8 il cəza təyin etdi, narkomaniyadan müalicəyə göndərdi
İrandan ölkəmizə külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. İttihama görə, Vüsal Həsənov 29 dekabr 2016-cı ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 93,411 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edib. O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə narkotik vasitəni 5 ədəd polietilen bükülülərdə qablaşdırıb və düz bağırsağında yerləşdirib. Həmin gün, saat 20 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən saxlanılıb. Vüsal Həsənova Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun barəsində Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsi tətbiq olunmaqla tibbi xarakterli məcbur itədbirlərin təyin edilib. Məhkəmə onun cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması barədə qərar qəbul edib. Hökmdən narazı qalan Vüsal Həsənov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün dəyişdirilməsini, cəzasını daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib. Vüsal Həsənovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Dövlət ittihamçısı Zəfər Ramazanov apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib. Deyib ki, Vüsal Həsənovun əməlləri Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub, ona cəza təyin edilərkən şəxsiyyəti, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağrılaşdıran hallar kifayət qədər nəzərə alınıb. Dövlət ittihamçısının sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs və müdafiəçisi Salman Fərəcov apelyasiya şikayətini müdafiə edib. Onlar apelyasiya şikayətinin dəlillərinə uyğun uyğun çıxış ediblər. Vəkil əlavə olaraq göstərib ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmayıb, təyin olunmuş cəza məhkum olunmuş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan ağır cəza olub. Vəkil məhkum olunmuş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməsini xahiş edib. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Vüsal Həsənovun apelyasiya şikayəti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?