“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi və vergi sanksiyasının aradan qalxması bütün jurnalistləri sevindirmişdir. Lakin, ictimaiyyət nümayəndələri bu cür addımların davamlı olmasını diləyirlər.
“Kanal13” İnternet Tv-nin müxbiri Alış Abdullayev bildirir ki, tətbiq olunan metod bütün jurnalistlərə tətbiq edilməlidir: “Bütün həbs edilən jurnalistlər günahsizdı və onların sifarişlə cəza alması hamıya məlumdur. Bundan savayı digər jurnalistlərin də vergi, sərhəddən çıxış və digər problemləri var. Buna görə də jurnalistlərin bütün təzyiqlərdən azad edilməsi olduqca zəruridir. Mənim əməkdaşı olduğum “kanal13” İnternet Tv-nin baş direktoru Əziz Orucovun həbsi də siyasi sifarişlidir. Bu gün saxta ittihamla həbs edilmiş Ə.Orucovun rəhbəri olduğu media orqanınıda vəziyyət daha ağırdır və təbii olaraq kanal əvvəlki potensialla işləyə bilmir. Bu isə cəmiyyətə informasiya ötürülməsində problemlər yaradır. Həm də biz media olaraq cəmiyyətə və hökumətə alternativ fikirlər təqdim etməklə fərqli fikrin formalaşmasına yardımçı oluruq. Buna görə də jurnalistin sıxışdırılması ictimaiyyətin informasiya təminatını məhdudlaşdırır. Baş redaktor Şirin Cəfərlinin də cərimə sanksiyası faktiki onun təzyiq altında fəaliyyət göstərməsini şərtləndirir”. “Insan Hüquqları və Sosial Bərabərlik İnstitutu” İctimai Birliyinin sədri və “Yenifikir.de” informasiya saytının rəhbəri Elnarə Ağayeva bildirib ki, bu cür həbslər Azərbaycanın beynəlxalq imicinə zərbə vurur. Vəziyyət elədir ki, bütün beynəlxalq təşkilatlar və demokratik institutlar bu həbsin siyasi sifarişli olmasını qeyd edilər. ABŞ Dövlət Departamenti, Fransanın Xarici İşlər Nazirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ayrı-ayrı rəsmi şəxslər baş verən həbsi azad mətbuata qarşı təzyiq kimi qiymətləndirdilər. Buna görə də həbs qərarının aradan qalxması Azərbaycanın vətəndaş cəmiyyətində uğurlu addım kimi qiymətləndirilə bilər”. Xanım Ağayeva Mehman Əiyevin həbsdən azad olmasının davamlı olması arzusunda olduğunu bildirir: “Bu gün həbsdə çoxlu sayda gənclər, jurnalistlər, ictimai fəal və tənqidi fikirdə olanlar var. Mən istərdim ki, vətəndaş cəmiyyətinin aktiv üzvləri azad olsunlar və bütövlükdə vətəndaş cəmiyyətinin fəalyyəti aktivləşsin. Məlumdur ki, insan hüquqlarıyla məşğul olan bir neçə Qeyri-Hökumət Təşkilatlarının da problemləri qalmaqdadır və həmin məsələlərin həlli də zəruridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?