Məhkəmədə bəraət alan Şəki sakini polis işçilərini ağır ittihamda suçladı
Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək həbs edilən Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Elşad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Elşad Hüseynov 21 yanvar 2017-ci il tarixdə, saat 19 radələrində Şəki şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı həbs edilib.
Şəki şəhəri, Azadlıq küçəsində yerləşən Şəki şəhəri, 4 saylı məktəb binasının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilən Elşad Hüseynovun üstünə baxış keçirilib.
Baxış zamanı Elşad Hüseynovun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,76 qram olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
İstintaq orqanı tərəfindən Elşad Hüseynova Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad Hüseynov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həmin gün spirtli içki qəbul edib,
sonra yenidən mağazadan araq alaraq, Cavanşir adlı tanışı ilə birlikdə onlara gedib: “Cavanşirgildə yeyib-içdik. Sonra Cavanşir ərzaq gətirmək üçün anasıgilə getdi. Mən isə ağrıdığıma görə Cavanşirin evində yatdım. Bir müddət sonra həyətdən səs gəldi. Əvvəlcə gələnin Cavanşir olduğunu düşündüm. Lakin, birdən evin qapısı qırıldı və evə polis əməkdaşları daxil oldular. Polis əməkdaşları məndən Rasim adlı şəxsin yerini soruşdular. Onlara həmin şəxsi tanımadığımı bildirsəm də, dediklərimə məhəl qoymadılar. Məni polis şöbəsinə apardılar”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, polis şöbəsində üzərində axtarış aparılıb, baxış zamanı üzərindən kibrit qutusunda narkotik vasitə çıxıb: “Lakin, üstümdə narkotik vasitə olmayıb və üzərimdən çıxmış həmin narkotik vasitə mənə aid deyil. Əgər, mənim barəmdə, həqiqətən də, narkotik vasitələrin istifadəsi, satışı barədə məlumat daxil olsa idi, onda polis əməkdaşları mənim yaşadığım evə də baxış keçirərdilər. Heç bir cinayət əməli törətməmişəm. Barəmdə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edirəm”.
Elşad Hüseynov ona suallara cavab olaraq bildiriv ki, ittiham olunan əməldə özünü təqsirli bilmir, polis şöbəsinə gedərkən qolunda qandal olmayıb: “Birbaşa məni təhqiqatçının otağına apardılar. Əvvəllər narkotik vasitələrdən istifadə etmişəm. Mütəmadi olaraq spirtli içki qəbul etsəm də, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmirəm. Mən patoloji alkoqolikəm. Həmin gün də narkotik vasitə qəbul etməmişəm. Polis şöbəsində təyziq etdiyinə görə, narkotik vasitənin mənə aid olması barədə izahat yazmışam”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin narkotik vasitənin ona aid olmadığını bildirdiyi tədqirdə polis əməkdaşları onun evindən daha çox miqdarda narkotik vasitənin çıxarılacağını bildirmələrindən qorxub: “Barəmdə həbs qətimkan tədbiri seçilərkən də, polis əməkdaşlarının təzyiqlərindən qorxduğum üçün həqiqəti deməmişəm. Hərdən bir Cavanşirgilə gedirdim. Həmin gün Cavanşirgilə gedəndə başqa heç kimlə rastlaşmamışam. Cavanşirin evində yatdığım vaxt polis əməkdaşları qapını sındıraraq içəri daxil olublar. Üzərimə baxış polis şöbəsində, otaqda keçirilib. Polislər üzərimə baxış keçirəndə içkili olmuşam. Üzərimə keçirilən baxışdan əvvəl mənə vəkillərin siyahısı təqdim olunmayıb. Lakin, həmin vaxt otaqda vəkil Musa müəllim və daha iki nəfər əlavə şəxs var idi. Üzərimdən telefon, yaylıq, əlcək, konfet, açar, siqaret və eyni zamanda bir kibrit qutusu da çıxarmışam və stolun üstünə qoymuşam. Cibimdə olan əşyaları özüm təqdim etmişəm. Həmin vaxt kibrit qutusu cibimdən çıxdığına görə, həmin kibrit qutusunda olan narkotik vasitənin mənə aid olduğunu bildiriblər. Polis şöbəsinə gələrkən yolda məndən yalnız Rasim adlı şəxsi soruşdular. Həmin gün narkoloji şöbəyə apardılar. Müayinə edən həkim məndən hər hansı dərman preparatları qəbul edib-etmədiyimi soruşmadı. Böyrəklərim xəstə olduğuna görə hər gün dərman qəbul edirəm. Spirtli içkini də böyrəklərim çox ağrıdığından ağrının qarşısını almaq üçün içirəm”.
Cinayət işi üzrə şahidq simində ifadə verən Cavanşir Rzayev bildirib ki, həmin gün Elşadla birlikdə 4 nömrəli orta məktəbin yanında rastlaşıb, bir az söhbət etdikdən sonra birlikdə onun evinə gəliblər: “Elşadla evimdə yeyib-içdik. Sonra Elşada
anamgilə gedəcəyimi bildirdim. Elşad isə böyrəyi ağrıdığını və buna görə də yatıb istirahət etmək istədiyini bildirdi. Buna görə, Elşadı evdə tək qoyub, anagilə getdim. Axşam saat 10 radələrində evə qayıtdım. Qayıdanda evin qapısı açıq idi, lakin evdə heç kim yox idi. Bir az sonra özümə yemək hazırlayarkən kiminsə, pəncərəni döydüyünü eşitdim. Çölə çıxdıqda, pəncərəni döyən şəxslərin polis əməkdaşları olduğunu gördüm. Polis əməkdaşı olan və əvvəldən tanıdığım Aslan müəllim rəisin məni çağırdığını bildirdi. Sonra Aslan müəllim rəis deyə müraciət etdiyi bir nəfərə zəng vurdu və danışandan sonra mənə səhər saat 10-da polis şöbəsinə gəlməli olduğumu bildirdi. Mən də səhərisi gün polis şöbəsinə getdim. Polis şöbəsində əvvəl Qabil müəllimin, sonra isə Aslan müəllimin otağında oldum. Orada məndən Rasim adlı şəxsi soruşdu. Mən də polis əməkdaşlarına Rasim adlı şəxsi tanıdığımı, Rasimin qohumum olduğunu və onlarda bir gün qaldıqdan sonra Bakı şəhərinə getdiyini bildirdim. Bir müddət sonra polis şöbəsindən qayıdaraq evə gəldim. İstifadə olunmadığına görə arxasına dəmir vurduğum evin digər qapısının sındırıldığını yalnız evi təmizləyəndə görmüşəm. Qapını bağlamaq üçün qapının arxasına vurduğum həmin dəmir yerdə divara söykənmiş vəziyyətdə olduğuna görə qapının sındırıldığını bilmişəm”.
Məhkəmə işin hallarını araşdırandan sonra Elşad Hüseynovun barəsində hökm elan edib. Şəki şəhər Məhkəməsinin hökmü ilə Elşad Hüseynovun əməli sübuta yetirilməyib və ona bəraət verilib.
Bu hökmdən narazı qalan prokuror Təbriz Musayev apelyasiya protesti verib. Prokuror Elşad Hüseynovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini, ona ittiham hökmünün çıxarılmasını istəyib.
Prokurorun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rövşən Rəfiyevin sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti araşdırılıb. İşin hallarını araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?