Birinci məhkəmə ona ağır cəza verdi, apelyasiya məhkəməsi isə cəzanı yüngülləşdirdi
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Elnur Abdullayev Səbail rayon Məhkəməsinin 8 iyul 2015-ci il tarixli qərarı ilə 9 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib. O, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən xüsusi hüququ məhdudlaşdırılmış şəxs hesab olunub. Elnur Abdullayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, 7 noyabr 2016-cı il tarixdə, saat 18.51-də yol vərəqəsi əsasında idarə etdiyi “TX-4 London taksi” minik markalı avtomobillə Bakı-Quba yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkətini pozub. Elnur Abdullayev həmin yolun 29-cu kilometrliyində yolu keçən piyada Hüseynxan Şahsuvarovu vurub. Hüseynxan aldığı xəsarətdən hadisə yerindəcə ölüb. İstintaq orqan tərəfindən Elnur Abdullayev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi qərara alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Elnur Abdullayev barəsində olan məhkəmə hökmünün dəyişdirilərək onun əməlinin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin məcəllənin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib. Təqsirləndirilən həmin maddə ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edib. Elnur Abdullayev apelyasiya şikayəti belə əsaslandırıb ki, barəsində birinci instansiya məhkəməsi hökm çıxararkən əməlin tövsifındə səhvə yol verib, onun əməlləri və cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə toplanmış sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməyib: “Qeyd ounan əməllərim Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməsi onunla əsaslandırılıb ki, Səbail rayon Məhkəməsinin 8 iyul 2015-ci il tarixli qərarı ilə 9 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişəm. Həmin qərarın qanuni qüvvəyə mindiyi gündən hüququ məhdudlaşdırılmış şəxs hesab olunaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, 7 noyabr 2016-cı ildə, saat 18.51-də avtomobil idarə etmişəm və qeyd edilən yol-nəqliyyat hadisəsini törətmişəm. Həmin qərar əsasında 9 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsindən məlumatım olmayıb. Həmin qərarın surəti mənə təqdim edilməyib. Sürücülük vəsiqəm özümdə olub. Avtomobili idarə etdiyim müddətdə yol hərəkəti qaydalarını pozmağıma görə, yol polisi tərəfindən inzibati xəta törətməyim ilə bağlı məsuliyyətə də cəlb edilmişəm. Heç vaxt sürücülük hüququmun məhdudlaşdırılması barədə bildirilməmişəm”. Elnur Abdullayevin sözlərinə görə, taksi sürücüsü olduğundan həftədə bir dəfə işlədiyi şirkətdə sürücülük vəsiqəsi yoxlamadan keçirilib: “Yoxlama nəticəsində sürücülük hüququm olduğundan mənə taksi idarə etməyə icazə və yol vərəqəsi verilib. Mənə heç vaxt Səbail rayon Məhkəməsinin qərarı təqdim edilməyib”. Məhkəmə kollegiyası apelasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Elnur Abdullayevin apelyasiya şikayəti təmin edilib və onun barəsində olan hökm dəyişdirilib. Yeni hökmə əsasən, Elnur Abdullayev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. O 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməsi qərara alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?