Dekabrın 26-da Qazax rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının işi üzrə məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam etdirilib.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbael Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasından bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanlarının əməkdaşlarının özləri onun əşyaları arasına atıb və həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.
Bu gün keçirilən məhkəmə iclasında şahid Həsən Mahmudov dindirilib. O bildirib ki, pulun aşkar olunmasını görməyib.
“Şahid bildirdi ki, Gözəl Bayramlını gördüyü ərazi Dövlət Gömrük Xidmətinin xidmət apardığı ərazi olub. O cinayət işinin hansı səbəbdən Dövlət Sərhəd Xidməti tərəfindən aparıldığı barədə suala cavab verə bilməyib”, vəkil Amerikanın Səsinə bildirib.
Digər şahid, Dövlət Sərhəd Xidmətinin təhqiqatçısı məhkəməyə gəlmədiyindən növbəti məhkəmə iclası yanvarın 4-nə təyin edilib.
Məhkəmə iclasında iştirak etmək üçün Bakıdan və digər regionlardan AXCP və Milli Şuranın fəalları Qazax rayonuna gedib. Lakin məhkəmə kiçik zalda keçirildiyindən və zalda əvvəlcədən Gözəl Bayramlının özünə tanış olmayan adamlar oturduğundan insanların çoxu açıq havada gözləməli olub./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?