İranda hadisələr başlamamışdan bir neçə gün öncə Britaniyanın xarici işlər naziri Boris Conson bu ölkəyə səfərə gəlmişdi. Səfərin səbəbi kimi İranda həbs edilmiş Britaniya jurnalistinin azad olunması göstərilsə də, əslində bu, sadəcə bir bəhanə idi. Conson, böyük ehtimalla, “Mİ-6”nın İranda iğtişaşlar hazırlanması barədə məlumatlarını şəxsən İran rəhbərliyinə çatdırmaq üçün bu ölkəyə təşrif buyurmuşdu.
Son dövrlərdə ABŞ-la bir çox məsələlərdə fikir ayrılığı olan Britaniya İranda sabitliyin qorunmasında maraqlıdır. Britaniya mətbuatının üstüörtülü şəkildə ABŞ, İsrail və Səudiyyəni leş ətrafında dövrə vuran yırtıcı quşlara bənzətməsi də bunun bir göstəricisidir. İran Çindən Londonadək uzanan Böyük İpək Yolu üzərindəki ən mühüm ölkələrdən biridir. Təsadüfü deyil ki, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildikdən sonra İran bu xəttə qoşulmaq istədiyini bəyan etmişdi. Avrasiyanın birləşdirən bu nəhəng layihəyə İranın qoşulması həm Çin, həm İngiltərə üçün mühüm bir hadisə olardı. ABŞ Konqresinin vaxtilə erməni lobbisinin çağırışlarını bəhanə edərək, “Bakı-Qars”a maliyyə ayırmaqdan imtina etməsi bu nəhəng kommunikasiyanın həmin ölkələrə verəcəyi geosiyasi, iqtisadi, siyasi səmərənin Vaşinqtonu narahatlığı etməsilə bağlı idi. Eyni zamanda, Avropa Birliyinin “Bakı-Qars”a dəstək bəyanatı verməsi Bakıya bu mühüm birləşdirici layihədəki fəaliyyətinə görə edilən təşəkkür də sayıla bilərdi.
Britaniya və Çin İranı bu layihəyə daxil etməkdə son dərəcə maraqlıdırlar. İranın Xəzərin hüquqi statusuna dair əvvəlki illərdəki qeyri-konstruktiv mövqeyini dəyişərək, razılaşmaya gəlməsi də həm “Bakı-Qars”ın əsas halqası olan Azərbaycanla yaxınlaşaraq, onun rəğbətini qazanmaq, həm də Azərbaycanla neft müqavilələrini yeniləmiş Britaniyaya zidd getməmək üçün atılan diplomatik addımlar idi.
Britaniya-ABŞ-la ziddiyyətləri bütün sahələrdə davam edir: Qüdsün İsrailin paytaxtı kimi tanınmaması bunun əyani sübutu idi. Eyni zamanda, vaxtilə Britaniyanın müstəmləkəsi olmuş Hindistanda Əfqanıstana yaxın sərhədyanı ərazilərdə gizli silahlı qüvvələrin saxlanılması ABŞ-ın Əfqanıstandakı fəaliyyətinə nəzarət məqsədi daşıyır. Hindistanda məxfi "Hind Lourenslər" saxlayan ingilislər həm də bununla Çinə yaxın olmağa çalışır; Simali Koreyanı bəhanə edərək Çini nəzarətdə saxlayan və özünün Sakit okeanda hərbi nüfuzunu artıran Vaşinqtona "mən hər yerdəyəm" mesajını göndərir.
Ötən il Arakan hadisələri də burada kontraktları olan və müsəlmanların yaşadığı ərazilərdən Çinə neft göndərəcək ingilis şirkətlərinə qarşı yönəlmişdi. Məqsəd regionda sabitliyi pozaraq, Çinin öz artan sənayesi üçün ingilis şirkətlərindən enerji əldə etməsinə mane olmaq idi.
İrandakı indiki hadisələr Türkiyədəki Gəzi parkı olayları ilə çox oxşardır. Həmin hadisələrin əsas səbəbi Türkiyənin Vaşinqtonun iradəsinə tabe olmayaraq, Çinlə silah alışı barədə danışıqlar aparması idi.
Təbii ki, qədimdə bütün yollar Romaya apardığı kimi, indi də bütün şübhəli izlər Vaşinqtona aparır. Lakin ittihamlar təkcə bununla bitmir. Liviyada Qəddafinin devrilməsində əsas planlardan biri oradakı Çin şirkətlərini ölkədən sıxışdırıb çıxarmaq olmuşdu. Eyni zamanda, Səudiyyədə ötən il sülalədaxili çevrilişin arxasında gizlənən məqsədlərdən biri bu idi ki, 10 trilyon qiyməti olan "Saudi ARAMCO" korporasiyasında paya malik şahzadələr öz səhmlərini Çin və İngiltərəyə satmasınlar. Həbs edilən sülalə nümayəndələrinin hamısı Səud nəslinin İngiltərə ilə əlaqələri olan üzvləri idilər. Bu hadisədən əvvəl isə Trampın kürəkəni Kuşner gizlincə Ər-Riyada səfər edərək, yaxın dostu Məhəmməd ibn Salmanı təlimatlandırmışdı.
Son dövrlərdə dünyada fırtına qoparan “Bitcoin” məsələsinin arxasında da Çin və Britaniyanın durduğu ehtimalı var. Məqsəd Vaşinqtonun dollar şantajından qurtulmaq alternativ yolların axtarışıdır.
İraqda kürd referendumunu, Qüdsün paytaxt kimi tanınması planlarını BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, İngiltərə və Çinin əməkdaşlığı xeyli dərəcədə pozdu. Baxmayaraq ki, ABŞ yalnız veto hüququ ilə İsrail əleyhinə qətnaməyə mane ola bilmişdi. İran bu məsələlərdə ABŞ-a qarşı formalaşmış İngiltərə-Cin ittifaqının yanında idi. Eynilə, onlar Qüdsün yəhudi paytaxtı kimi tanınması və kürd dövlətinin yaradılması məsələsində Tehranın yanında olduqları kimi. Kərkük neftini "Həşdi Şabi" vasitəsilə amerikayönümlü peşmərgədən alıb, İraqın britaniyayönümlü baş naziri Heydər Abadiyə verən İran ingilislərə böyük xidmət göstərdi. Çünki Abadi bu hüququ bp və “Shell”-ə verəcəyini açıqlayıb. 2003-cü ildə ABŞ İraqa daxil olanda Britaniya bp və “Shell”in neftdən istifadə hüquqlarının tanınması qarşılığında buna mane olmamışdı. Lakin İŞİD vasitəsilə xaos yaradıldı və neft quyuları Pentaqonun dəstəklədiyi peşmərgənin əlinə keçdi. Malta limanları vasitəsilə İsrailə ucuz qiymətə neft satan Bərzaniyə Britaniya ilə ziddiyyət baha başa gəldi.
Ancaq cəmi bir neçə günə Mİ və ETELAAT, yoxsa MKİ və Mossad birliyininmi daha güclü olacağını görəcəyik. Bu meydan, bu da İran!
Sorğu
Yeni dizaynımız necədir?