Əhəd Mikayıl oğlu Abıyev 1958-ci ilin yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və Universitetin hüquq fakültəsini bitirmişdir. Gürcüstan Respublikasının Axalkalaki şəhərində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Uzun müddət Bakı şəhər İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, Bakı şəhər İcraiyyə Komitəsində ictimai əsaslarla Xalq Nəzarəti komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətində işçilərin Həmkarlar İttifaqının sədr müavini, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Xain qonşularımız ermənilərin torpaqlarımıza təcavüzü zamanı Dağlıq Qarabağ münaqişəsində vətənin ağır günlərində könüllü yaradılan özünümüdafiə dəstələrində cəsarətli insanlarla birgə döyüş bölgələrinə getmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Seçicilərin yüksək etimadı nəticəsində 1995-2000-ci illərdə birinci, 2000-2005-ci illərdə ikinci, 2005-2010-cu illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 15 il müddətində deputatı seçilmişdir. Əhəd Abıyev ölkədə baş verən ictimai-siyasi proseslərdən kənarda qalmamış, ölkəmizin qanunvericilik bazasının gücləndirilməsində yaxından iştirak etmiş, respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində Milli Məclisin üzvü kimi xüsusi xidmətlər göstərmiş, həmişə seçicilərinin etimadını qazanmışdır. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Toponimiya Komissiyasının üzvü olmuşdur. Milli Məclisin deputatı kimi 68 xarici ölkədə rəsmi səfərlərdə olmuşdur. Azərbaycan Kikboksinq Federasiyasının Birinci vitse-prezidentidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır. Ailəlidir. İki övladı var. Əhəd Abıyevin əməyi Dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və yüksək peşəkarlığına görə Əhəd Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunmuşdur. Əhəd Abıyevi anadan olmasının 60 illik yubileyi, “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ömrünün ən gözəl çağında möhkəm cansağlığı, çoxşaxəli dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, bundan sonra da Yeni Azərbaycan Partiyasının fəal üzvü, ictimai-siyasi dövlət xadimi kimi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin dəstəklənməsi yolunda səylərinizi əsirgəməyəcəksiniz. Dövlətimizin sosial-iqtisadi inkişafını, ölkəmizin qüdrətlənməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində Dövlət Başçımızın rəhbərliyi ilə gələcəkdə də görüləcək işlərdəki fəaliyyətinizdə Sizə nailiyyətlər diləyirik. Bu gözəl yubileyiniz münasibətilə Sizi bir daha da ürəkdən təbrik edir, Sizə sağlam uzun ömür, ailə xoşbəxtliyi və Müstəqil Azərbaycanımızın möhkəmlənməsi naminə yorulmaz ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sorğu
Yeni dizaynımız necədir?