“İmişli rayon Məhkəməsinin çıxarmış olduğu sifarişli hökm ləğv olunacaq və günahkarlar da lazımınca cəzalandıralacaq”
Bir neçə gün bundan öncə İmişli şəhəri L.Vəliyev küçəsi ev-38 ünvanda yaşayan və müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Gündəm Xəbər”in redaksiyasına növbəti müraciəti daxil olmuşdu. O, ünvanladığı müraciətində gec də olsa xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik etdiyini bildirir və ötən il üz-üzə qaldığı çoxsaylı haqsızlıqlarla bağlı, məhz ölkə ictimaiyyətini məlumatlandırmağı özü üçün borc da bilir. O, ünvanladığı müraciətində qeyd edir ki, “08 may 2017-ci il tarixdə “Gündəm Xəbər” qəzetində dərc olunan açıqlamalarıma görə, məmur-biznesmen Saleh Səmədovun İmişli rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etməsi səbəbindən, Azərbaycan Respublikası CM-nin 147.1 maddəsi ilə cinayət işi qaldırıldıqdan sonra, barəmdə 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıldı. Mən ölkə rəhbəri cənab İlham Əliyevə və digər yüksək çinli vəzifə sahiblərinə güvənərək İmişlinin problemlərini, aysberqin görünməyən tərəflərini göstərməklə, məhz yerli sakinləri hər zaman iğtişaşlardan çəkindirmişəm. Çünki, 2016-cı ilin oktyabrında 461 nəfər İmişli sakini cənab Prezidentə, nazirlərə “Araz” Konservləşdirilmiş Şirələr və Spirt Zavodunun üfunət qoxuyan iyindən kq-larla şikayət ərizələri ünvanlasalar da, nazirlərin yerlərdəki nümayəndələri, o cümlədən regional ekologiya idarəsinin əməkdaşları, GEM rəhbərləri və s. “yuxarılara” məlumat verirdilər ki, ünvanlanan şikayətlərin hər biri əsassızdır. 13 mart 2017-ci il tarixdə isə, cənab Prezidentə, DTX-nə, Baş Prokurorluğa, Vergilər Nazirliyinə, DİN-nə yazdığım şikayətlərim əsasında təhlükəsizliyim təmin edildi. 16 mart 2017-ci il tarixdə DTX N23/2-1253- saylı məktubuma cavab olaraq, adı çəkilən qurumdan Səhiyyə Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məktub göndərilir və “aparılan araşdırmanın nəticəsi barədə müraciət müəllifinə məlumat verməyiniz xahiş olunur” deyə qeyd olunur. GEM-nin rəhbəri İ.Abdullayev isə 19 aprel 2017-ci il №04-22/1112 saylı məktubu ilə cavab verdi ki, “ötən ilin oktyabr ayında kollektiv şikayət əsasında mütəxəssizlərimiz tərəfindən qeyd olunan obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehsal prosesləri zamanı əmələ gələn xoşagəlməz qoxuya malik olan çirkab suları təmizlənmədən və zərərsizləşdirilmədən müəssisənin giriş qapısından təxminən 10-15 metr aralı məsafədə qazılmış və sahəsi təqribən 200-250 kvm-lik sahəsi olan açıq xəndəyə axıdılır. Müşahidə zamanı xəndəyin çirkab suları ilə dolması xoşagəlməz qoxunun əmələ gəlməsinə və sakinlərin haqlı narazılığına da səbəb olmuşdur”. Yaşanan problemlə bağlı iqtisadiyyat nazirinin müavini Niyazi Cəfərov isə, şikayətçilərə verdiyi cavabında qeyd edir ki, “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 05 oktyabr 2016-cı il tarixdə Nazirlikdə bu məsələyə baxılmış və nazirlik əməkdaşları 1-3 dekabr 2016-cı il tarixdə İmişliyə ezam olunmuşlar. Onlar zavodun, rayon rəhbərliyinin nümayəndələri və yerli sakinlərlə görüş keçirməklə bərabər, eyni zamanda müəssisənin istehsal sahələrinə də yerində baxış keçirmişlər. Adı çəkilən zavodda tullantı sularını təmizləyən qurğuların mövcud olmadığı məlum olmuşdur”. Hər iki nazirliyin baş idarə rəisi və müavininin imzasına istinad edərək, Sizə ünvanladığım məktubu geniş ictimayətə çatdırmaqla “AYSBERQ”in görünməyən tərəfini göstərsəm də və məhkəmə prosesində hər bir şeyi sənəd-sübutla hakimə təqdim etsəm də, son anda hakim bildirdi ki, “bu adi kağız parçasıdır, sizi aldadıblar”. Beləliklə həm GEM-nin, həm İqtisadiyyat Nazirliyinin məktublarına əsaslanmağımın və inanmağımın nəticəsində 5 ay müddətinə həbsdə qaldım və 06 dekabr 2017-ci il tarixdə isə həbsdən buraxıldım. Digər faktlar var ki, həmin faktların da əsassız olmasını Apellyasiya Məhkəməsində sakinlərlə bərabər, vəkil və şəhər bələdiyyəsinin sədri də təsdiqlədilər ki, “M.Zülfüqarlı sifarişlə həbs olunub. Onun yazdıqlarında heç bir böhtan-filan yoxdur və nə yazıbsa əhalinin xeyrinə yazıb” - dedilər. Əks tərəfin arxası nə qədər güclü olsa da mən Allah-Təalaya inanan insanlardanam və əminəm ki, ölkədə nazirlərin, həbsə düşmüş komitə rəhbərlərinin, bank rəhbərlərinin aqibətini gördüyümə görə, inanıram ki, Ali Məhkəmədə mənim haqlı tələbim lazımınca dinləniləcək və bərpa da olunacaq. İmişli rayon Məhkəməsinin çıxarmış olduğu sifarişli hökm ləğv olunacaq və günahkarlar da lazımınca cəzalandıralacaq. İmişli GEM-in rəhbərliyi ilə xüsusi ittihamçı Saleh Səmədovla əlaqəsinin geniş olmasını, məhz məhkəmə prosesləri zamanı və ondan sonra da görüb təəssüf etdim. Ona görə ki, GEM-in bütün kollektivi may, iyun və iyul ayları ərzində mənimlə bağlı keçirilən məhkəmə prosesləri zamanı, onlar 100 hektarlıq pambıq sahəsi götürdüklərindən əkin işləri ilə məşğul idilər və üfunət verən iy-qoxu yaddan çıxmışdı. Pambıqdan başı çıxanlar GEM rəhbərliyinə başa salmalı idilər ki, pambığın səpininə apreldən başlanılır. Büdcədən maliyyələşən GEM işçiləri tarlaya cəlb edilib becərmə, suvarma, pambıq yığımı ilə məşğul olan zaman məhsul olmamalı idi. Xüsusi ayrılmış nəqliyyat vasitələri ilə GEM işçiləri səhər saat 6-7 radələrində şəhərdən təqribən 50 km aralıda axı nə gəzirdilər?. Məgər cənab Prezident qeyri-neft sektorunun inkişafını GEM və xəstəxanaya tapşırıb? GEM-zi artıq GEM-zi kimi deyil, daha çox SES (siyasiləşmiş epidemidogiya stansiyası) funksiyasını yerinə yetirməkdədir. Qurumun həkimlər öz işləri ilə deyil, daha çox siyasətlə məşğul olduqlarından bu cür yanaşmamı ortaya qoyuram. 2001-ci ildə YAP İmişli RT-dan təhqiramiz bəyanat səsləndirməklə çıxan həkim epidemioloq, həmin vaxt digər partiyaya keçsə də, bu gün müəllimlərə, həkimlərə, siravi sahibkarlara , bərbərlərə, dərzilərə və s. sağlamlıq arayışları “paylamaqla” 5-10 manat əldə edən bu şəxs, indi işini bitmiş hesab edir və vaxtının çoxunu “siyasətlə” məşğul olur. Həkimlik işində, siyasətdə, hətta insanlıqda belə naşı olan bu şəxsin əzabını sadə xalq çəkir və bu gün də çəkməkdədir. Nə isə, bu cür həkimlərin, bu cür hakimlərin, bu cür “siyasətçilərin” sayəsində siyasi məhbus statusu aldım, ölkəm qınanıldı, uduzan mənimlə bərabər, həm də dövlətim oldu. Sağ olsun Ədliyyə Nazirliyinin Ərəstun, Elnur, Fəxri, Rəşad, İlkin və Rüfət adlı hakimlərini, onlar məni olmayan səviyyədə “super müalicə” etdilər. Səhiyyə Nazirliyinin gələcək inkişafı üçün həbsxana həkimləri, hərbi həkimləri irəli çəkmək, burokratik, siyasiləşmiş və rüşvətxor həkimlərdən səhiyyəni təmizləməyin zamanı çatıb desəm, yəqin ki, yanılmaram. İnanıram ki, 2018-ci ildə həkim və sanitorlarımız aprel ayında pambıq əkin sahələrinə toxum səpəcəklər və yüksək məhsul da götürəcəklər. Bəlkə də o zaman mən xarici ölkələrin birindən sığınacaq istəyəcəm. Mən ölkəmi də, xalqımı da, dövlətimi də olduğundan artıq sevən və İmam Hüseyn (ə)yolçusu, bir demokrat olaraq sizi ilk təbrik edənlərdən biri olmuşam, bəlkə də atdığım addımlarım çoxlarına xoş getməyib. Onu da vurğulayım ki, GEM-in və İqtisadiyyat Nazirliyinin məktublarını inkar edən “iybilənlər” də tapıldı. Ekologiya Nazirliyinin strukturunda rəis vəzifəsində çalışan və iki ay bundan öncə işindən azad olunan Nəvaşir Bəşirov onun qardaşı Ş.Bəşirov məhkəmə prosesində “iyin” spirt zavodundan gəlmədiyini qətiyyətlə bildirdilər. N.Bəşirov irəli gedərək məni hədələdi ki, “Bu gün” səni içəri soxarlar, o halda ağlın başına gələr” deyə üstümə hiddətlə qışqırdı. Sən demə uzun illər ərzində spirt zavodundan gələn iy-qoxunu gizlədən sabiq rəis və onun tabe olduğu nazirlik imiş. Çünki, Ekologiya Nazirliyi ünvanladığım məktublarla bağlı mənə cavab vermədi. Uzaq kənddə qurumuş söyüd ağacını kəsəni (Murquzallı kəndi) cərimələyən bu nazirliyin rəisi və əməkdaşları, mən həbsdən çıxdıqdan sonra bildirdilər ki, “Saleh Səmədov bizi zavoda buraxmadı, hətta bizi hədələdi” cavablarına, siz bu haqda nazir H.Bağırova məlumat vermisinizmi deyə sual ünvanladıqda “Bəli, məlumat vermişik” dedilər. Bəs nazirin Saleh Səmədovu müdafiə etməsinə səbəb nədir sualıma isə cavab vermədilər. Həmin vaxtlarda hansı təhlükəli işə girişdiyimi anlasam da, üstümə hücuma keçənlər olsa da “Kufə” əhlillərindən fərqli olaraq, şəhid anası Şəkər Həmidova məni müdafiə etdi. O, bildirdi ki, “Məhbub düz yazıb, onlar mənə böyük məbləğ pul təklif etdilər ki, sən Məhbubun üzünə dur və de ki, Saleh mənin təndirini uçurmayıb, şəhid oğlumun əkdiyi ağacı kəsdirməyib, Məhbub böhtan yzaıb” deyə onu belə bir addım atmağa vadar edirlər. “Poykovoy” vəkil Yusif Nərimanov şəhid anasına sual verərək “Sənin təndirinin kəsilmiş heyva ağacının reyestridən sənədi var idimi? Həmin vaxt Şəkər ana ona lazım olan cavabı verdi: “Sənin savadın və qabiliyyətin bu suala çatdımı?” Sevindim ki, bu ölkədə şəhid anası Şəkər xanımın oğlu torpağı, özü isə insanlığı qorumağı bacardı. Həbs olunsam da Şəkər ananın səsi qulağımdan getmədi. Həzrəti Əli (ə) buyurur: “İnsanlar valideyinlərindən çox zamanələrinə bənzəyirlər”. Nəvaşir Bəşirovu, eləcə də Sabit Səmədovu “ayı xidməti”nə görə Saleh Səmədov “Azərişıq” idarəsinə Toğrul adlı keçmiş polis rəisinin vasitəsi ilə işə düzəltdirərək mükafatlandırıb. Hansı ki, N.Bəşirov 8 il öncə adı çəkilən qurumdan qərarla işdən çıxarılır. O, Ekologiya Nazirliyinin regional idarəsinin rəisi olaraq düz 8 il həmin vəzifəni daşıdı və əməlli-başlıca da qazandı. Mən vəzifə sahibi olanlara söz verirəm ki, bir daha bu kimi iy-qoxu verən problemlərdən yazmayacam, hələlik Ali Məhkəmənin cavabını gözləyəcəyəm. Hələ də, Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirov barəmdə “Müstəqillik günü” qeyd olunan gündə çıxarılmış hökmlə bağlı cavab göndərməyib. Belə çıxır ki, psixoloji durumum çox zəif imiş ki, GEM-i və İqtisadiyyat Nazirliyi rəsmlərinin doğru cavablarına inanmışam. Mən bir müddət bundan əvvəl Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətimi ünvanlamışdım və qeyd etmişdim ki, Sizə ünvanladığım məktubdan sonra inana bilmərəm ki, hakimlər yenə mənə qarşı ədalətsizlik etsinlər. Artıq 2018-ci ildir və mən tərəzi bürcündə doğulmuşam və 60 yaşım tamam olur. Yəqin ki, sabiq Vergilər Nazirini gözləyən aqibət çoxlarına hələ dərs olmayıb. Müdriklər deyib ki, “Dövlət o zaman sarsılar ki, günahsız cəza alır, günahkar at oynadır”, “Haqq var, divan yox” müdrik kəlamlar haqda yəqin ki, kimlərinsə məlumatı var. Bu gün elə məhkum dustaqlar var ki, onlar da ümid gözləyirlər. Əminəm ki, çoxları azyaşlı vaxtlarında hind filmi “Çiçək və Daşa” baxıb. Axırıncı oğurluğa getmək istəyən Şakanın qarşısını Şanti kəsir ki, bu dəfə getməyəcəksən, hətta ona şillə də vurur. Dərhal Şaka Şantinin qollarından yapışıb deyir “Santi bilmirsən ki, bu dünyada kimin zoru, kimin pulu varsa, kim bıçaq oynada bilirsə, zaman onundur”. Mən də inanıram ki, “sarı it ili”ndə pullu, zorlu arxalılar hakimlərin son “Qanunu” ola bilərlər ki, işləyə bilməsinlər. Bu gün günahı olmadan həbsxanalara pullular, zorlular tərəfindən doldurulan dustaqlar ölkə rəhbəri cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın humanizminə inanırlar. Demokrat bir şəxs olaraq mən də həmin humanizmi gözləyirəm. Ölkəmizdə siyasi məhbus termininin ləğvinə, günahsız insanların həbsinə son qoyulmasını istəyirəm. Mən dustaq deyil, girov deyil, sanki hərbi əsir olduğumu hiss etdim və həbsim sifariş əsasında yerinə yetirildikdən sonra, sanki dustaq olmaq gözümdə adiləşdi. 59 yaşımda haqqımı tapdaladılar, hüququmu tapdaqlar altına atdılar. İnanıram ki, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya və digər vəzifə sahiblərinə üz-üzə qaldığım haqsızlıqlarla bağlı ünvanladığım müraciətlərim lazımınca araşdırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?