İşğalçı izolyasiya rejimini yumşaltmaq üçün hərəkətə keçib; Ermənistan qonşu ölkələrin informasiya məkanında əleyhimizə təxribatları gücləndirib; düşmən xilas üçün “saman çöpləri” axtarışında; regionun açar ölkəsi kimi Azərbaycanın həm Rusiya və İran, həm də Gürcüstanla inkişafda olan əlaqələri ona görə hədəf götürülüb ki...
İqtisadiyyat həmişə siyasəti müəyyən edir. Müasir dövrümüzdə bu, dövlətlərarası normal münasibətlərin də təməl düsturu olaraq qalır. Yəni iqtisadi-ticari bağlar varsa, qarşılıqlı siyasi bağlar labüddür və qurulacaq. Yoxsa ki, tək hərbi xarakterli əlaqələr, yaxud hərbi müttəfiqlik uzunömürlü ola bilməz və gec-tez sona çatmalıdır. Həm də o səbəbə ki, hərbi əməkdaşlıq özü də iqtisadiyyatdan “yeyir”, boşuna mövcud olmur, ağır bədəli, qarşılığı ödənir.
Bu mənada Dağlıq Qarabağ məsələsinə görə on illərdir haqq elədiyi blokada rejimində olan işğalçı Ermənistanın sağa-sola vurnuxması, izolyasiyadan çıxmaq cəhdləri təbiidir. Çünki yalnızca Rusiya ilə hərbi ittifaq erməni xalqının rifahını, təhlükəsizliyini təmin eləmək gücündə deyil, olmayacaq. Xalqın, ölkənin təhlükəsizliyi anlayışına iqtisadi təhlükəsizlik məfhumu da daxildir.
Bundan ötrü isə öncə bütün qonşularla, ələlxüsus da strateji əhəmiyyətli qonşularla - Azərbaycan və Türkiyə ilə münasibətləri normala salmaq gərəkdir. Yolu bəlli. Hətta tək Gürcüstan və İran da işğalçı ölkəyə bu yöndə köməkçi ola bilməz. Necə ki, ola bilmir. Nədən ki, həmin iki ölkə də xeyli dərəcədə Azərbaycan və Türkiyədən asılıdır.
Kəsəsi, iki qardaş ölkə regionun açar ölkələridir və açar ölkələr olaraq qalacaq. Bu iki açar ölkənin qoşulmadığı heç bir regional, qlobal layihə uğur gətirə, uzunömürlü ola bilməz. Azərbaycan torpaqlarının işğalına son qoymadan iqtisadi tərəqqiyə çatmağı xəyal edən Ermənistanın və erməni xalqının bədbəxtliyi də elə bundadır - reallığı qulaqardı edib xülyalarla yaşamaqda.
*****
Diqqət edin, Azərbaycan illərdir özünün uğurlu siyasəti nəticəsində bır sıra qlobal xarakterli layihələri reallaşdırmaqla regionun və Avropanın enerji və nəqliyyat xəritəsini faktiki, dəyişməyə nail olub. Bu siyasət hesabına Ermənistan regional və qitə əhəmiyyətli bir çox layihələrdən kənarda qalıb, faktiki iqtisadi “izqoy dövlət”ə çevrilib. İşğalçının blokadası daha da sərtləşib.
Təsadüfi deyil ki, Ermənistanın baş naziri Karen Karapetyan bu günlərdə ölkəsinin İranla iqtisadi-ticari əlaqələrinin çox aşağı səviyyədə olmasından gileylənmişdi və demişdi ki, keçən il İranla ticarət dövriyyəsinin həcmi cəmi 62.5 milyon dollar olub. “İranın əhalisi nəzərə alınarsa, bu, çox cüzi rəqəmdir”, - Karapetyan acı təəssüflə bildirmişdi. “Yeni Müsavat” xatırladır ki, erməni baş nazir İranla Ermənistan arasında yeni dəmir yolunun inşasının baş tutmamasına da münasibət bildirmiş və belə söyləmişdi: “Tərəflər arasında dəmir yolu əlaqəsi olacaqmı? Bu, əmtəə dövriyyəsindən asılı olacaq. Fikrimcə, belə bir dəmir yolunun inşası məqsəd yox, vasitə olmalıdır. Biz bu məsələyə bazar aktivləşəndə qayıdacağıq”.
Bazar isə erməni işğalına son qoyulmayınca heç vaxt aktivləşməyəcək. Əksinə, Ermənistanın iqtisadi təcridi güclənəcək. Çünki hər ölkənin öz maraqları özü üçün daha önəmlidir. Eləcə də İran və Rusiya. Heç bir əhəmiyyətli təbii qaynağı olmayan, dünya okeanına çıxışdan məhrum, Rusiyanın hərbi forpostu olan və müharibə vəziyyətində yaşayan, bütünlüklə militaristləşdirilmiş işğalçı ölkə hansı normal ölkə və ya sərmayədar üçün maraqlı ola bilər ki?
Yeri gəlmişkən, bu ilin birinci yarısında Moskvada Azərbaycan, İran və Rusiyanın - ermənilərin əsas “müttəfiqi” olan dövlətin prezidentləri arasında üç ölkə iqtisadi əlaqələrin inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inşasını sürtələndirməklə bağlı növbəti samiti keçiriləcək.
Bu kimi gəlişmələr şübhəsiz ki, İrəvanı ciddi şəkildə narahat edir. O üzdən iqtisadi blokadadan çıxmaq, izolyasiya rejimini yumşaltmaq üçün ən azından informasiya məkanında ilk növbədə bölgənin açar ölkəsi kimi Azərbaycan əleyhinə təbliğat savaşına güc, yeni məkrli planlara qərar verib.
Bu məqsədlə, bir yandan guya “Şimal-Cənub” layihəsinə alternativ təşəbbüslər irəli sürülür, digər yandan da Azərbaycanın iştirakçısı olduğu layihələrə qarşı təxribat fəaliyyəti genişləndirilir. Bütövlükdə isə İrəvanın ölkəmizə qarşı təxribat siyasəti üç əsas istiqaməti ehtiva edir - Bakının İranla, Rusiya ilə və Gürcüstanla münasibətlərini pozmaq, bu münasibətlərdə dərin çatlar yaratmaq.
*****
Məsələn, “Yeni Müsavat” qeyd edir ki, yanvarın 22-də Ermənistanın qərbyönlü 1in.am saytına müsahibə verən iranşünas Arman İsraelyan iddia edib ki, İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın ekspertlər və mətbuat guya Azərbaycanla dəmir yolunun tikilməsi ilə bağlı narahatlıq keçirirlər. Ortaya belə bir absurd iddia da atılıb ki, guya Astarada terminalı tikən və infrastrukturu yaradan şirkətlərin arxasında İsrail dayanır. İsrail səfiri isə bir il əvvəl Astaraya etdiyi səfəri zamanı “Şimal-Cənub” dəmir yolunun tikintisini alqışlamışdı. Bu, Azərbaycanın İranla yaxınlaşmasını alqışlamaq deyilmi?
Yəni faktlar başqa şeyi deyir və İrəvanın təxribatlarını faş edir. Misal üçün, ötən saylarımızın birində yazdığımız kimi, az öncə “Şimal-Cənub” dəhlizinin mühüm tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycan Tehrana yarım milyard dollar vəsait ayırıb. “Yeni Müsavat” xatırladır ki, bu barədə İranın “Mehr” agentliyinə danışan İranın yollar və şəhər inkişafı nazirinin müavini Əsgər Kaşan minnətdarlıqla bildirmişdi ki, həmin vəsait İran-Azərbaycan birgə müəssisəsinin yaradılmasına sərf olunacaq, Astara-Rəşt dəmir yolunun işə düşməsi isə Hindistan və Çin kimi dövlətlər öz yüklərini Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya və Avropaya göndərə biləcək. Göründüyü kimi, Ermənistanın adı yenə çəkilmir.
Azərbaycan əleyhinə başqa bir informasiya təxribatı: yanvarın 23-də iranşünas Vardan Voskanyan erməni saytına deyib ki, guya iranlılar son iğtişaşların təşkilində Azərbaycan ərazisindən istifadə olunması barədə məlumatlıdırlar. Halbuki rəsmi Bakı və Ankaranın həmin hadisələr zamanı tutuğu və Tehranın məmnun qaldığı mövqe hamıya məlumdur. Azərbaycan və Türkiyə həqiqətən bunun əksini istəsəydi, İranda proseslər tamamən fərqli məcrada inkişaf edərdi.
Yaxud yanvarın 23-də “Sputnik-Armeniya”da getmiş “Azərbaycan regionun yeni logistikasını qurur ki, təki Ermənistanı blokadada saxlasın”, sərlövhəli yazıda analoji təxribatçı motiv yer alıb. Müəllif iddia edir ki, şimal-cənub istiqamətində yeganə quru yol Gürcüstan-Ermənistan-İran yoludur, Azərbaycan Qara Dəniz istiqamətində Rusiya-Gürcüstan dəmir yolunun açılmasında maraqlı deyil, Abxaziya dəhlizinin açılmasına qarşıdır və Xəzər sahili ilə Astaradan Rəştə dəmir yolunun çəkilməsinə çalışır.
O da qeyd olunur ki, guya İran köhnə İran-Naxçıvan-Ermənistan dəmir yolu dura-dura yenisinin nə üçün tikilməsinə ehtiyac olduğunu anlamır, daha doğrusu, Azərbaycanın məqsədinin Ermənistanı izolyasiya etmək olduğunu bilir və bu üzdən buna maliyyə vəsaiti xərcləməkdə maraqlı deyil, maliyyə yükünün də Azərbaycanın üzərinə düşdüyünü vurğulayır, eyni zamanda Abxaziya dəmir yolu ilə bağlı Karasin- Abaşidze danışıqlar formatının nəticə verəcəyi təqdirdə həmin layihənin guya baş tutmayacağını söyləyib.
Ancaq bu da erməni tərəfinin Bakı ilə Tehran arasında soyuqluq yaratmaq yönündə növbəti cəhdi olmaqla yanası, ilğımdır. Nədən ki, Ermənistanın xilas yollarından biri sayılan və onu Rusiya ilə birləşdirəcək yeganə quru yol kimi Abxaziya dəmir yolu ilk növbədə siyasi motivlərə açılmır.
Məsələ ondadır ki, Rusiya anlaşma sənədinə Abxaziya və Cənubi Osetiya “hökumətləri”nin də müstəqil tərəf qismində imza atmasında təkid edir ki, bu şərtin qəbul edilməsi isə avtomatik şəkildə Tiflisin həmin rejimləri müstəqil dövlət kimi tanıması anlamına gəlir. Gürcüstan təbii ki, bunun əleyhinədir. Üstəlik, Tiflisin Bakı və Ankara ilə isti əlaqələri buna mane olur.
*****
Sərt reallıqlara rəğmən, Ermənistan mətbuatında yenə İran-Ermənistan birgə layihələrindən danışılır, o cümlədən dəmir yolu layihəsindən imtina edilmədiyi və bununla bağlı İrana siqnal göndərilməsinin zəruri olduğu vurğulanır. Ancaq hansı ölkə öz xeyrindən qaçar? O ki ola hələ də ağır iqtisadi sanksiyalardan tam qurtulmamış İran.
Doğrudur, İranla Ermənistanın müəyyən iqtisadi-ticari iş birliyi var, İran TIR-larını hətta işğal altındakı Dağlıq Qarabağda görüblər. İranlı turistlər ara-sıra İrəvana da gedir. Lakin gerçək anlamda bu əlaqələr blokadada olan bir işğalçı ölkə ilə “rüşeym” səviyyəsindən yuxarı qalxa bilməz. Erməni tərəfi nə qədər canfəşanlıq eləsə də, iqtisadi və biznes əlaqələrinin öz qanunları var və bu qanunlar Ermənistan üçün çoxdan işləmir. Di gəl, Ermənistan xilas üçün “saman çöp”ləri axtarışını davam etdirir.
Məsələn, bu arada aysor.am saytında Ermənistan-Gürcüstan sərhədindəki Debet körpüsünün yenidən qurulması ilə bağlı tenderi İran şirkətinin udduğunu, əsas yükdaşamaların İrana məxsus olduğunu, bu yolun Rusiya və Avropa ilə nəqliyyat xəttinin şaxələndirilməsi baxımından İran şirkətləri üçün test olduğunu yazıb. Yəni yenə illüziya kateqoriyasından olan özünə təsəlli...
*****
İran daxilində erməni lobbisinin də “Şimal-Cənub” layihəsi əleyhinə isə apardığı istisna olunmur. Astara-Rəşt-Qəzvin layihəsi əleyhinə aparılan kampaniyanın anti-İsrail kontekstində verilməsi də təsadüfi deyil. Bir müddət əvvəl isə İranın “Qanun”, “Məşreğ” kimi qəzetlərində Azərbaycan əleyhinə yazılar, qondarma “DQR”-in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsi dərc edilmiş, mühafizəkarlara yaxın sayılan bəzi Azərbaycan dilli informasiya resurslarında “hüseynçi ermənilər”in fotoları yer almışdı.
Söz düşmüşkən, Mailyanın müsahibəsinə etiraz edən Ərdəbil imamcüməsi Həsən Amuli də baş verənlərdə İrandakı erməni lobbisinin rolu olması ehtimalını səsləndirib. Diqqətçəkicidir ki, müsahibənin müəllifi - etnoqraf Salar Seyfəddin İranda ermənilərə məxsus “Hut” tərcümə mərkəzi və İran Beynəlxalq Araşdırmalar Assosiasiyası ilə əməkdaşlıq edir. Təəssüf ki, bundan sonra da İranın bəzi media orqanlarında eyni təxribatlar davam edir, bu təxribatların mühafizəkarlara, o cümlədən Amuliyə yaxın resurslarda da davam etməsi suallar doğurur. Halbuki Azərbaycanın İran üçün iqtisadi, nəqliyyat, dinmi-mənəvi və başqa önəmi Ermənistandan qat-qat böyükdür.
Bununla belə, bəzi ehtimallara görə, anti-Azərbaycan prosesinə, iki ölkə arasında münasibətləri pozmaq prosesinə İrandakı müəyyən siyasi qüvvələrin də qoşulması istisna deyil. Belə ki, Rəşt-Astara dəmir yolu islahatçı prezident Həsən Ruhaninin komandasının layihəsi hesab olunarsa, digər daxili qüvvələrin bu layihəyə qarşı çıxaraq ortada İsrail izi axtarması mümkün hesab olunur...
Lakin bu qəbildən ideoloji diversiya faktları artsa da, Ermənistan tərəfinin İrana alternativlər təklif etmək imkanları yoxdur və İranşünas Vardan Voskanyanın “Sputnik Armeniya”ya başqa bir açıqlaması bunu bir daha təsdiqləyir.
“Problem - ikitərəflidir. Ancaq Ermənistan mütəmadi şəkildə Tehrana xatırlatmalıdır ki, o, ikitərəfli layihələrdən imtina eləməyib. Məsələ təkcə iqtisadiyyatda yox, həm də təhlükəsizlikdədir. Ermənistan özü heç olmasa, öz tərəfindən 1 km dəmir yolu və ya İran sərhədinədək 10 km yolu asfaltlamalıdır - hansı ki, heç bir standarta cavab vermir”, - deyə erməni ekspert təəssüflə qeyd edib.
*****
Onu da qeyd edək ki, uzun müddət Gürcüstan istiqamətində erməni təbliğatı bu ölkənin Azərbaycan, Türkiyə və müəyyən qədər də Qazaxıstan kapitalı və layihələrinin girovuna çevrilməsi ilə bağlı idi. Gürcüstana təzyiq üçün daxildəki qeyri-gürcü mənşəli əhali haqqında yazılar tirajlanırdı. Eləcə də gürcülərin öz daxilində kartvel-meqrel-svan-acar qarşıdurmaları qabardılırdı.
Son zamanlar isə Gürcüstanı Azərbaycan və Türkiyəyə qarşı qoymaq meylləri güclənib. Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana son səfərindən dərhal sonra - ötən ilin dekabrından bu istiqamətdə cəhdlər intensivləşib. Rusiyaya birbaşa çıxmaq üçün Gürcüstanın işğal edilmiş ərazilərindən nəqliyyat dəhlizinin açılmasında maraqlı olan Ermənistan Gürcüstan hökumətində lobbiçilik fəaliyyəti ilə yanaşı, anti-Azərbaycanyönümlü informasiya təxribatlarını gücləndirib.
Məsələn, Azərbaycan ərazilərinin xüsusən Zaqatala-Balakən zonasının Gürcüstan ərazisi kimi təqdim edilməsi halları artıb, Gürcüstanda 2018-ci il ermənilərin ili elan edilib. Azərbaycan toponimləri ilə bağlı mübahisələr uzun müddətdir Gürcüstanda ermənilərə loyal münasibət bəsləyən informasiya resurslarında, Ermənistan mediasında və Rusiyada erməni lobbisinin təsirində olan KİV-lərdə diqqətdə saxlanılır, tirajlanır.
Bu arada jurnalist Xədicə İsmayılın AzadlıqRadiosunun Gürcüstanın bürosuna geniş müsahibəsi gedib. Tiflisdə Qərb fondlarının dəstəyi ilə ermənilər tərəfindən jam-news.net saytı bir neçə dildə, o cümlədən Azərbaycan dilində yayıma başlayıb (Saytın adı belə ermənicə “saat” (“jam”) sözündən götürülüb).
Lakin bu da var ki, Ermənistanın İran-Ermənistan yolunun yararsız vəziyyətdə olan Abxaziya dəmir yolu ilə birləşdirmə layihəsi siyasi maneələrdən başqa, həm də böyük investisiyalar tələb edir. Hazırda siyasi əngəlin aşılması üçün Gürcüstan baş naziri Gergi Kvirikaşviliyə Rusiya və hətta Avropa qurumları vasitəsilə də təzyiqlər edilməsi sezilir.
*****
Öz növbəsində Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Artıq Rusiya mediasının balanslı davrandığı dövrlər arxada qalıb. Əsasən yəhudi və rus əsilli oliqarxların təsirinin güclü olduğu vaxtlar Azərbaycan əleyhinə ara-sıra sezilən kampaniyaların Rusiyanın hansısa çevrələrinin maraq dairəsində baş verdiyini müəyyən etmək olurdu. Hazırda isə bəzən bu kampaniyalar Rusiyanın öz mənafeyini belə təhdid edəcək həddə çatır. Səbəb isə odur ki, rus media məkanının bir qismi bu gün faktiki olaraq erməni oliqarxların nəzarətindədir.
Rusiya diplomatiyası isə bəllidir ki, Sergey Lavrovun (Kalantarovun) kurasiyasındadır. Rus siyasi dairələri onu nə qədər “Rusiya dövlətçilyinin nümayəndəsi” kimi təqdim etməyə çalışsa da, fakt faktlığında qalır - Lavrovun gəlişindən sonra Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salma meylləri güclənib. Həmçinin Azərbaycan daxilində Nax-Dağıstan və irandilli icmalar arasında separatçılıq toxumları cücərtmək cəhdləri intensivləşib. Habelə əvvəllər İrəvanda mənzillənən və separatçılığı təbliğ edən “Azad Talışıstan” kimi KİV-lər fəaliyyətlərini Moskvaya köçürüb.
Ötən ilin mayında isə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv olunub. Halbuki Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğvi çoxmədəniyyətli, politexnik Rusiya cəmiyyətinin xarakterinə zidd idi. Lakin belə bir qərar verildi və burada “erməni izi” də yox deyildi.
Bunu da əlavə edək ki, erməni lobbisinin təsirində olan KİV-lərdə (xüsusən “Regnum” kimi agentliklərdə) Bakı-Tiflis-Qars layihəsi əleyhinə onlarla yazılar dərc edilib. Yazılarda bu kimi layihələrin Rusiyanı guya təcrid edəcəyi haqda iddialar xüsusi qabardılıb.../musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?