Yola saldığımız 2017- ci il Azərbaycanda insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması ilə tarixə qovuşdu. Bir sıra qanunvericilik aktlarına məhdudlaşdırıcı, anti- demokratik əlavə və düzəlişlər edildi, nümayəndəlik institutunun fəaliyyəti dayandırıldı, ictimai-siyasi fəallara, inanclı insanlara, jurnalistlərə qarşı həbslər artan xətt üzrə davam etdi. Müstəqil vətəndaş cəmiyyətinin, azad mətubatın sıradan çıxarılması istiqamətində yürüdülən siyasət son mərhələsinə keçdi. Məhz bu siyasətin nəticəsi olaraq nüfuzlu beynəlxalq təşkilatların reytinq sıralamasına görə Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyada 5- ci yerdə, qeyri- azad ölkə kimi isə autsayderlər sırasında qərarlaşıb.
2017- ci ildə dövlət adına həyata keçirilən ən utanverici hüquq pozuntularından biri araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanıb Bakıya gətirilməsi və absurd ittihamlarla həbs edilərək Balakən rayon məhkəməsində qurulan “tamaşa”da 6 il müddətə azadlıqdan məhrum edilməsi oldu. Azad mətbuata qarşı həyata keçirilən repressiv siyasət Kanal 13 internet televiziyasının redaktoru Əziz Orucovun 6 il müddətə azadlıqdan məhrum edilməsi, azadlığa çıxmasına 3 ay qalmış azel.tv saytının redaktoru Əfqan Sadıqova qarşı Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şikayəti əsasında yenidən cinayət işinin açılması, “Gündəm xəbər”, “Meydan tv” kimi 30- dan artıq informasiya resursuna, sayta girişin ölkə daxilində bloklanması, “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin 3 il müddətə həbs edilməsi və s.- lə davam etdirildi. Hakimiyyətin şərləyib həbs etmə siyasətinə yaşından, cinsindən, siyasi mənsubiyyətindən, səhhətindən və s. asılı olmayaraq hər kəs məruz qala bilir. Ölkədən milyardları talayıb oğurlayaraq ofşar zonalara daşıyanlar yüksək vəzifələrə, ödüllərə layiq görüldüyü halda, AXCP sədrinin müavini Gözəl Bayramlı Tbilisidən müayinədən qayıdarkən absurd ittihamla həbs edilərək 3 il müddətə azadlıqdan məhrum edilməsi dediklərimizə misal ola bilər. 2017- ci ildə bir sıra qanunvericilik aktlarına edilən məhdudlaşdırıcı əlavə və düzəlişlərdən biri nümayəndəlik institunun ləğv edilməsi ilə bağlıdırsa, insanların müdafiə hüququnun zəiflədilməsinə xidmət edən digər addım təcrübəli, müstəqil vəkillərin Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması ilə bağlıdır. Daha çox siyasi məhbusların hüquqlarını müdafiə edən Yalçın İmanovun və Fəxrəddin Mehdiyevin absurd şəkildə Vəkillər Kollegiyasından çıxarılması dediklərimizə sübutdur. Hakimiyyət bu addımı ilə adı çəkilən qurumu tam nəzarətə almaq, müstəqil vəkilləri çıxdaş etmək, xalqı müdafiəsiz qoymaq niyyəti güdür. KXCP qanunvericilik aktlarına məhdudlaşdırıcı əlavələrin edilməsini, azad mətbuata və müstəqil vətəndaş cəmiyyətinə basqıların artırılmasını, ictimai- siyasi fəalların, jurnalistlərin şərlənərək həbs edilməsini, onlara fantastik cəzaların təyin edilməsini pisləyir. Hakimiyyəti anti- demokratik addımlardan çəkinməyə, siyasi məhbuslar başda olmaqla şərlənib həbs olunan bütün şəxslərin qeyd- şərtsiz həbsdən azad olunmasını tələb edir.
Sorğu
Yeni dizaynımız necədir?