Restoranı əlindən alınan sahibkar ora basqın etdi, mühafizəçini döydü, polisin gödəkcəsini çırdı
Siyəzən rayonunda restoranda kütləvi dava salmaqda ittiham olunan 1962-ci il təvəllüdlü Vaqif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Vaqif Babayev 22 noyabr 2017-ci il tarixdə, saat 14.30-da Nurəli Məmmədovun adına rəsmiləşdirilmiş Siyəzən rayonu, Qara Siyəzən kəndi ərazisində yerləşən “Qafqaz” restoranında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub. O, bir qrup yaxın qohumlarının müşahidəsi ilə restoranın içərisinə zorla daxil olaraq, hər birinin dəyəri 250 manat olan mətbəxin və istirahət üçün nəzərdə tutulmuş otağın 2 ədəd plastik qapılarını, “Qafqaz” şadlıq sarayının içərisində yerləşən hər birinin dəyəri 3,50 manat olan 15 ədəd plastik qapıların kilidlərini sındırıb. O, ümumi olaraq Nurəli Məmmədova 552.50 qəpik maddi ziyan vurub. Vaqif Babayev həmin restoranın ona məxsus olmasını bəhanə edib və əsaslı səbəb olmadan həmin tarixdə “Qafqaz” restoranının mühafizəsini təmin edən “Riyad” Mühafizə xidmətinin əməkdaşı Mircəlal Qədirovun ünvanına nalayiq söyüşlər söyüb, yumruqla sifət nahiyyəsindən bir dəfə zərbə vurub. Habelə həmin vaxtı hadisə yerində olub, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Siyəzən Regional Mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Nuran Ucaqovu Vaqif Babayev yumruqla sinə nahiyyəsindən vurub. Ona dərəcəsi təyin edilməyən xəsarət yetirib, əynində olan xidməti qış gödəkçəsini dartaraq cıraraq 120 manat məbləğində maddi ziyan vurub. İstintaq orqanı tərəfindən Vaqif Babayevə Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif Babayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Siyəzən rayonu Qara Siyəzən kəndi ərazisində yerləşən “Qafqaz” şadlıq sarayı onun qardaşı Tağı Babayevə məxsus olsa da, qanunsuz yollarla Nurəli Məmmədovun adına sənədləşdirilib: “Hazırda həmin məsələ ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmişik. Mülki iş məhkəmə icraatında araşdırılır”. Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən iki il bundan əvvəl, 2015-ci ilin oktyabrın 26-da qardaşı Tağı yaxın münasibətdə olduğu Asim adlı şəxsə adından çıxış etmək, sərəncam vermək hüququ ilə bağlı etibarnamə verib: “Həmin şəxs bizi aldadaraq həmin ilin oktyabrın 27-də obyekti Ukrayna vətəndaşı Nurəli Məmədovun adına keçirib. Bizim bu barədə heç bir xəbərimiz olmayıb. Buna görə də aramızda münaqişə var. Bununla əlaqədar həmin obyekti öz adına keçirən şəxslər mühafizə polisi və “Riyad” mühafizə xidməti ilə müqavilə bağlayaraq obyektin mühafizəsini təşkil ediblər”. Vaqif Babayev qeyd edib ki, 2016-cı il noyabrın 22-də, saat 14.30-da qardaşları Tağı, Məmməd, Tağının oğlu Yunus, öz oğlum Vüsal, işçilərimiz Suqra Mehdiyeva, digər yaxın qohumlarımız Vəzifə Babayeva, Elza Babayeva və Yeganə Babayeva ilə birlikdə “Qafqaz” restoranına gediblər: “Orada “Riyad” mühafizə xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin regional mühafizə şöbəsinin polis əməkdaşı Nuran bizi içəri buraxmadılar. Bu zaman həmin mühafizəçilərlə mübahisə etdim, onlarla itələşməyə başladım. Nəticədə aramızda narazılıq olsa da, Nuran Ucaqova və digər polis əməkdaşına güc tətbiq edərək adlarını qeyd etdiyim qohumlarımın müşahidəsi ilə şadlıq evinə daxil olduq”. Vaqif Babayevin ifadəsinə görə, 20-25 dəqiqədən sonra Siyəzən rayon polis şöbəsinin əməkdaşları ora gəlib: “Polis əməkdaşları gələndən sonra öz hərəkətlərimi dayandırdım. Törətdiyim əməlimdən səmimi peşimanlıq çəkirəm. Bu əməlləri törətməyimə səbəb özümün mülkiyyətçisi hesab etdiyim qeyri-yaşayış əmlak kompleksinə daxil olmaq niyətim olub”. Təqsirləndirilən şəxs bildirib ki, 2016-cı ilin noyabrında onlar dəfələrlə şadlıq sarayına gəlmək istəyiblər: “Daim şadlıq sarayının yeni mülkiyyətçisinin qohumları və işçiləri ilə bixim aramızda narazılıq olub. 2016-cı ilin noyabrından sonra da biz şadlıq sarayına rahat gedə bilməmişik. Aramızdakı münaqişə Siyəzən rayon İcra məmurları tərəfindən həmin obyektə məhkəmə qərarı ilə qoyulmuş həbsin icrasından sonra dayandırılıb. Hazırda mən və qohumlarım, nədə ki, Nurəli Məmmədov və qohumları həmin obyekti istifadə etmirik. Siyəzən rayonunun Qarasiyəzən kəndi ərazisində yerləşən “Qafqaz” şadlıq sarayı bir neçə il qardaşım Tağı Babayevin mülkiyyətində olmaqla mənim istifadəmdə olub. Mən və digər qohumlarım birgə həmin əmlakdan kommersiya məqsədləri üçün istifadə edərək kifayət qədər yüksək qazanc əldə etmişik. Mülki mühakimə icraatında əmlak kompleksinin zərər çəkmiş şəxs Nurəli Məmmədovun mülkiyyətinə verilməsinə dair müqavilələrin mübahisələndirilməsi yuxarı instansiya məhkəmələrində davam etdirildiyindən özümü və qardaşımı hələ də həmin əmlak kompleksinin mülkiyyətçisi hesab edirəm. “Qafqaz” şadlıq evinin bizim istifadəmizdən alınmasını qanunsuz sayıram”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nurəli Məmmədov bildirib ki, Siyəzən rayonu Qara Siyəzən kəndi ərazisində yerləşən mülküyyət hüququ əsasında “Qafqaz” şadlıq sarayı ona məxsusdur: “Mən “Qafqaz” şadlıq sarayını mühafizəsini təmin etmək məqsədi ilə 4 noyabr 2016-cı il tarixdə Siyəzən Regional Mühafizə idarəsi və 11 noyabr 2016-cı il tarixdə “Riyad” Mühafizə xidməti ilə rəsmi müqavilə bağlamışam. Noyabrın 22-də Vaqif Babayev mənə məxsus olan şadlıq sarayının özünü faktiki sahibi kimi təqdim edərək həmin şadlıq sarayına zorla daxil olub, Siyəzən Regional Mühafizə idarəsinin və Riyad Mühafizə xidmətinin əməkdaşlarına qarşı zor tətbiq edib. O, mənə məxsus olan şadlıq sarayına ümumilikdə 552 manat 50 qəpik dəyərində maddi ziyan vurub”. Siyəzən rayon Məhkəməsinin hökmü ilə Vaqif Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun barəsində 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza təyin edilib. Hökmə əsasən, zərərçəkmiş Nurəli Məmmədovun mülki iddia ərizəsi qismən təmin edilib. Vaqif Babayevdən maddi və mənəvi zərərin əvəzi olaraq 21046 manat 12 qəpik məbləğində ziyanın tutularaq zərər çəkmişin xeyrinə ödənilməsi qərara alınıb. Hökmdən narazı qalan zərərçəkmiş Nurəli Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində Vaqif Babayevin barəsində təyin edilmiş şərti cəzanın hökümdən xaric edilməsini, ona ağır cəza təyin edilməsini istəyib. Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya instansiyası məhkəməsinin hakim heyəti Vaqif Babayevin barəsində Siyəzən rayon Məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Qərara görə, Vaqif Babayevin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökümdən xaric edilib. Onun barəsində təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzası ilə əvəz edilib. Məhkəmə zərərçəkmiş Nurəli Məmmədovun mülki iddiası ərizəsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?