Türkiyədən son bir neçə gün ərzində Azərbaycana, Gürcüstana, İraqın şimalına və Suriyaya anbarlarda qalıb ömrü sürətlə azalan 100 min tona yaxın kartof göndərilib.
Bu barədə Niğde Ticarət Odası başqanı Veli Kenar bildirib. Onun sözlərinə görə əsasən Niğde, Nevşehir və Kayseri bölgələrində olmaqla fermerlərin 500 min tona yaxın kartofu anbarlarda qalıb çürüyür.
Havaların bu qış mövsümündə nisbətən mülayim keçməsi nəticəsində türkiyəli fermerlər ötən mövsümdə istehsal etdikləri kartofu anbarlarda saxlamaqda çətinlik çəkirlər. Daxili bazarda kartof qəpik-quruşadır, ixrac imkanları isə məhdudlaşıb. Çünki Türkiyə kartofunun əsas alıcılarından olan Azərbaycan xaricdən idxal edilən kənd təsərrüfatı məhsullarına ilin əvvəllərindən yeni idxal rüsumları tətbiq edib.
Veli Kenar deyib ki, onların başlatdığı ixrac həmləsi nəticəsində cəmi dörd gün ərzində 100 min tona yaxın kartof ixrac edilib. Amma anbarlarda hələ də 500 min tona yaxın kartof qalır. “Depolarda 500 min ton kartof qalıb, sektor tam iflas yaşayır. Gürcüstana ixrac edilən kartof qapıdan geri qaytarılıb, bu ölkə alımı dayandırıb. Daxildə isə kartofu ucuz satmaq mümkün deyil, bazarlar inhisardadır”-o deyib.
Nevşehir Ziraat Odası başqanı Salih Çelikbaş isə deyib ki, depolardakı kartofu martın sonuna qədər ixrac edə bilməsələr qalıb çürüyəcək və kəndli onu zibilliyə atmalı olacaq.
Qeyd edək ki, Azərbaycanda yerli istehsal olan kartofla bağlı da analoji vəziyyət yaşanır. Bu günlərdə virtualaz.org Gədəbəydən olan fermerlərə istinadən yazmışdı ki, kəndlilərin yetişdirdiyi kartofa yanvarın ortalarından başlayaraq yerində alıcı tapmaq mümkün olmur. Kartofu şəhərlərə daşıyıb bazarda satmaq isə əlavə xərclərə görə sərfəli deyil. Gədəbəy kartofuna alıcıların azalması xaricdən ölkəyə iri həcmdə daha ucuz kartof idxalı ilə bağlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?