Klubların əksəriyyətində azyaşlıların zərərli saytlara girməməsi üçün filtr mövcud deyil
Azərbaycanda azyaşlı uşaqların internetdən zərərli informasiya almalarına mane olmaq üçün fərqli üsullar zaman-zaman ekspertlər, müxtəlif qurumlar tərəfindən gündəmə gətirilib. Hazırkı dövrdə valideynlər xüsusi filtrlərdən istifadə edərək evlərdə uşaqlarının yaşlarına uyqun olmayan kanallara baxmasına, yaxud da kompüterdə müxtəlif saytlara girişlərinə qadağa qoya bilirlər. Eyni zamanda artıq xarici kanalların əksəriyyətində film yayımlanan zaman ekranda izləyici auditoriyanın yaş həddi ilə bağlı da xəbərdarlıq qoyulur.
Lakin nəzərə alsaq ki, bu gün Bakıda xeyli sayda internet klublar fəaliyyət göstərir, o zaman söyləmək olar ki, uşaqları zərərli informasiyalardan tam qorumaq heç də mümkün deyil.
Bu günlərdə məsələ ilə bağlı modern.az saytı məlumat yayaraq bildirib ki, Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq. Saytın parlamentdən əldə etdiyi məlumata görə, bu barədə prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsində qeyd edilib. Saytın yazdığına görə, layihədə bildirilir ki, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər qoyulmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdiriləcək. Müvafiq qurum isə buna nəzarət edəcək və mütəmadi monitorinqlər həyata keçirəcək. Monitorinq zamanı internet klubda uşağın digər kompüterdə əyləşdiyi aşkarlanarsa, klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub. Yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə ediləcək.
Bəs hazırkı zamanda internet klublarda vəziyyət necədir? Azyaşlılara nəzarət varmı?
Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq Bakıda yerləşən bir neçə internet klubda olduq. Müşahidə etdik ki, klublara üz tutanlar elə daha çox uşaqlardır. Onlarin əksəriyyəti internetdən yalnız komanda oyunlarını oynamaq üçün istifadə edirlər. Bu oyunların isə mütləq əksəriyyəti savaş, müharibə oyunlardır ki, bu da başqa bir məsələnin mövzusudur. Lakin bütün bunlarla yanaşı, olduğumuz internet klublarında oyunlarla bağlı uşaqlara hər hansı bir qadağanın qoyulmasına rast gəlmədik. Lakin porno saytlarına giriş bir çox yerlərdə qadağandır. Bu qadağa isə hər hansı bir proqram vasitəsilə edilmir. Sadəcə olaraq, klubu işlədən şəxs əgər kiminsə monitorunda bu kimi saytın açıldığını görürsə, xəbərdarlıq edib, həmin kompüteri söndürür.
Onu da qeyd edək ki, klublarda xidmətə, komforta görə qiymətlər 1 saat üçün 40 qəpikdən 2-5 manata qədər dəyişir. İri həcmli və keyfiyyətli oyunları oynamaq üçün yüksək parametrli kompüterlər qoyulub. Bunların qiyməti 1 saat üçün 2 manatdan aşağı deyil. Məsələn, metronun “Gənclik” stansiyasının yaxınlığında bu kimi internet klublara rast gəldik. Orada kimsə 2 manat verib, internetdən istifadə etmir. Yəni bura gələn uşaqlar konkret olaraq oyun oynamaq üçün gəlirlər. Belə klublarda nəzarət də yüksəkdir. O qədər yüksəkdir ki, bizə içəridən şəkil çəkməyə icazə vermədilər. Eyni zamanda bu cür klublarda quraşdırılan kompüterlərin parametrləri yüksək, kamera, qulaqcıq kimi digər avadanlıqları da yerindədir. Klubu işlədən şəxs bildirdi ki, onların VİP zalları tək kompüterli deyil. Hər zalda bir neçə kompüter quraşdırılıb: “Çünki kluba əsasən oyun həvəskarları üz tutub, burada turnirlər təşkil edirlər”.
Metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan internetklubda isə vəziyyət fərqlidir. Burada VİP otaqlar var ki, ora keçib, rahat şəkildə istədiyin sayta, oyuna girə bilərsən. Təbii ki, hər hansı bir filtrdən söhbət getmir. Əgər ümumi zalda əyləşmək istəsən 1 saat üçün 60 qəpik ödəməlisən. Ancaq otaqda əyləşirsənsə, 1 saat üçün 2 manat xərcin çıxacaq. Burada da uşaqlar üçün hansısa kompüterlərin ayrıldığının şahidi olmadıq. Müştəri yaşından asılı olmayaraq, müştəridir və o, pulunu ödəyərsə, VİP zalda rahat şəkildə əyləşə bilir.
Klubları işlədənlərlə söhbət etdiyimiz zaman onlar birmənalı şəkildə söylədilər ki, qanundan xəbərsizdirlər. Eyni zamanda onlar qeyd etdilər ki, uşaqların yaşlarına uyğun olmayan saytlara girişlərini gördükləri zaman buna imkan vermirlər.
Bakıda əksər binaların altında, kiçik, havasız məkanlarda fəaliyyət göstərən internet klublarında 1 saatlıq internetin qiyməti 40 qəpikdir. Burada nömrələnmiş xüsusi kompüterlərin olduğunu gördük. Öyrəndik ki, bu nömrələr seçilmiş kompüterlərə vurulur. Yəni həmin kompüterin klaviaturası, kamerası, qulaqcığı digərlərinə nisbətən daha təzədir. Kompüterin prosessoru isə zalda olan başqa kompüterlərdən güclüdür. Klublarda bu cür kompüterdə əyləşən zaman 60 qəpik pul ödəməlisən.
Ümumilikdə müşahidə etdik ki, Bakıda fəaliyyət göstərən internet klublarının əksəriyyətində uşaqlara nəzarət olunmur. Bir az artıq pul ödəməklə VİP zallarda əyləşib, istənilən saytlara girə bilərlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?