Bakı tıxacların cəngindədir. Bu gündən “Azneft” dairəsinə girişin bağlanması şəhərdə nəqliyyatın hərəkətini daha da cəhənnəmə çevirib.
İndi mənzil başına çatmaq üçün ən ideal vasitə metrodan istifadə etməkdir. Axşam saatlarında tıxac dalğası şəhərin bütün istiqamətlərini əhatə edəcək.
Üstəlik, “Böyük şor” qovşağının altı hissəsində hərəkət məhdudlaşdırılacaq. Ziya Bünyadov prospektindən gələnlər üçün Heydər Əliyev prospektinə çıxışda sıxlıq yaranacaq.
Sürücülər isə hər gün aeroport yolunda, “Qara Qarayev”dən gələnlər “Koroğlu” körpüsündə, H.Əliyev prospektində, Dərnəgül yolunda, Ə.Rəcəblidə, Təbriz küçəsində tıxaclarda qalırlar.
Dərnəgül yolunda tıxaclar olimpiya stadionundan başlayır, ta Ayna Sultanovaya qədər uzanır. Mayın 1-ə qədər tıxaclarda zülm çəkəcək sürücüləri ən çox narazı salan benzin sərfiyyatıdır. Bizimlə söhbətində taksi sürücüləri deyirlər ki, tıxaclara görə qiymətləri qaldırmalı olublar. Günün pik saatlarında isə qiymətlər daha da fərqli olur.
Məsələn, “Nərimanov”dan “20 Yanvar”a 5 manata getmək olardısa, tıxaclara görə 6-7 manatdan aşağı aparmırlar.
Şəhərin mərkəzinə getmək istəyənləri daşıyan taksilər isə alternativ küçələrdən istifadə edirlər. Bu da qiymətlərə təsir edir. Odur ki, mayın 1-nə kimi metro ən münasib ictimai nəqliyyatdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?