AzadlıqRadiosu (RFE/RL) Azərbaycan Ali Məhkəməsinin radionun saytının bloklanması qərarını qüvvədə saxlamasını kəskin tənqid edib. Azərbaycanın Ali Məhkəməsi iyunun 5-də bu barədə qərar qəbul edib.
“Hələ 2014-cü ildə, Azərbaycan hakimiyyəti qanunu və uyğun prosedurları saya salmadan büromuzu bağlayanda bizim və bütünlükdə müstəqil medianın hədəfə alındığını öyrəndik”, radionun prezidenti Thomas Kent (Tomas Kent) iyunun 5-də yaydığı bəyanatda bildirib.
“Məhkəmənin qərarı bunu təsdiqləyir”, cənab Kent Ali Məhkəmənin iyunun 4-də çıxardığı qərarı barədə deyib.
"AzadlıqRadiosu Azərbaycan xidməti vebsaytının – azadliq.org-un bloklanmasını ləğv etmək üçün iki dəfə məhkəmə şikayəti versə də, heç biri təmin olunmayıb, “baxmayaraq ki, hakimiyyət heç bir instansiyada iddialarını əsaslandıracaq dəlil ortaya qoya bilməyib”, sənəddə deyilir.
Azadliq.org Azərbaycanda 2017-ci ilin martından Baş Prokurorluğun göstərişilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib.
2017-ci il mayın 12-də Səbael Rayon Məhkəməsinin qərarı ilə azadliq.org, azadliq.info, Meydan.TV, Turan.TV və www.azerbaycansaati.tv saytlarının bloklanması təsdiq edilib.
2017-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
2014-cü ilin dekabrında Azərbaycan hakimiyyəti "Azadlıq Radiosu"nun Bakı Bürosunu bağlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?