Elnur Soltanov: “Rusiya ABŞ-ın dəstək verdiyi Azərbaycan layihəsinə qarşı aktiv fəaliyyətə keçə bilər”
ABŞ Konqresinə Rusiyanın “Şimal Axını-2" qaz boru kəmərinə qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi təqdim olunub. Layihənin təşəbbüskarı Vayominq ştatından senator, respublikaçı Con Barrossodur. Layihə Konqresə o və respublikaçı həmkarı Kori Qardnet tərəfindən təqdim edilib.
Senatorun dediyinə görə, sənəd NATO üzvü olan ölkələrə ”Rusiyanın siyasi təzyiq və manipulyasiyalarından" yan keçməyə imkan verəcək: “Avropadakı tərəfdaşlarla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında qanun bu ölkələrə stabil və etibarlı Amerika enerji resursları təqdim etməklə NATO üzvlərinin enerji təhlükəsizliyini gücləndirir. Qanun layihəsi eyni zamanda Rusiyadan Almaniyaya təbii qaz daşıyacaq ”Nord Stream II" qaz boru kəmərinə qarşı sanksiyaları nəzərdə tutur".
Sənəddə qeyd olunur ki, kəmər Ukrayna və Avropa üçün təhlükə yaradır. “Avropadakı müttəfiqlərlə enerji sahəsində əməkdaşlıq haqqında” Qanunun məqsədləri arasında ABŞ tərəfdaşları və müttəfiqlərinin Rusiya enerji resurslarından asılılığının azaldılması, Rusiya hökumətinin bu resurslardan geosiyasi silah kimi istifadəyə görə cəzalandırılması, müttəfiqlərin Amerikanın enerji resurslarının Avropaya çatdırılmasına dəstəyi də var.
Layihənin birinci hissəsində Transatlantik enerji strategiyasının hazırlanmasını, həmçinin təbii qaz haqqında qanuna ABŞ-dan NATO ölkələrinə lisenziyasız qaz satışına icazə verən düzəlişin olunmasını nəzərdə tutur.
Sənədin ikinci hissəsində Rusiya ixrac qaz kəmərlərinə 1 milyon dollardan artıq investisiya qoyan, xidmət göstərən, mal satan fiziki və hüquqi şəxslərə sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Bu sanksiyalar 5 məhdudlaşdırıcı tədbiri ehtiva edir: Birləşmiş Ştatlar ərazisindəki bütün bank əməliyyatlarının, aktivlərin dondurulması, ABŞ investorlarına belə şirkətlərin qiymətli kağızlarını və səhmlərini almağın qadağan olunması, sanksiyalara məhəl qoymayan şirkətlərin top-menecerlərinə şəxsi sanksiyaların tətbiq olunması.
“Şimal Axını 2" layihəsi illik ötürmə gücü 55 milyard kubmetr qaz olan iki boru xəttinin çəkilməsini nəzərdə tutur. Xəttin Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çatdırılması planlaşdırılır. Layihənin icraçısı olan ”Nord Stream 2 AG" şirkəti artıq Almaniya, Finlandiya və İsveçdən tikintiyə razılıq alıb. Kəmərin ərazi sularından keçdiyi ölkələrdən yalnız Danimarkadan razılıq alınması hələ ki mümkün olmayıb. Bu ölkə Ukraynaya qarşı yönəldiyinə görə layihəyə razılıq verməkdən imtina edir. Danimarkanın baş naziri Lars Lekke Rasmussen ölkə parlamentində layihəyə veto qoymaq hüququ verən qanun layihəsinin qəbuluna nail olub.
Lakin rəsmi Moskva bu ilin 3-cü rübündə Danimarkadan da müvafiq icazənin alınacağına ümid edir. Hətta bu icazə alınmasa belə, kəmərin marşrutunun dəyişdirilməsinin mümkünlüyü getdikcə daha çox müzakirə olunmaqdadır.
Latviya, Litva və Polşa çox kəskinliklə kəmərə qarşı çıxış edirlər.
Rusiyanın energetika naziri Aleksandr Novak ABŞ-da hazırlanan qanunu “qəribə” və bazar tələblərinə cavab verməyən sənəd adlandırıb: “Bu, bütün bazar qanunlarını ayaqlayan kifayət qədər absurd qanun layihəsidir. Fikrimcə, o, absurd və qəribədir”. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonrakı birgə mətbuat konfrasında ABŞ prezidenti Donald Tramp ölkəsinin Avropa bazarına sıxılmış qaz çıxartmaqla “Şimal Axını 2" ilə rəqabət aparmağa hazır olduğunu bəyan etmişdi. Putin isə öz növbəsində bildirmişdi ki, Rusiya yeni kəmər işə düşdükdən sonra da Ukrayna ərazisindən qaz tranzitini davam etdirməyə hazırdır. O, həmçinin qeyd edib ki, ”Qazprom" və “Naftoqaz” Stokholm Arbitraj Məhkəməsindəki mübahisəni nizamlaya bilsələr, rəsmi Moskva Kiyevlə tranzit sazişini uzada bilər.
Qeyd edək ki, bundan əvvəl Tramp NATO sammitində “Şimal Axını 2"-də iştirakına görə Almaniyanı sərt tənqid etmiş, onun Moskva tərəfindən qaz tədarükü vasitəsilə idarə olunduğunu bildirmişdi.
Rusiya analitikləri hesab edirlər ki, sanksiya qanunu ABŞ-ın Avropaya sıxılmış qaz satmaq istəyindən irəli gəlib. Onların fikrincə, Şimali Amerikadan Avropaya gətiriləcək qaz Rusiya məhsulundan 30 faiz baha olduğu üçün avropalılar sanksiyalara tabe olmayacaqlar. Lakin qeyd edək ki, Avropanın “Shell”, “Engie”, OMV, “Wintershall” və “Uniper” şirkətləri “Şimal Axını 2"nin investorlarıdır. ”Kommersant" qəzetinin analitikləri hesab edirlər ki, belə ciddi sanksiyalar qüvvəyə mindikdən sonra həmin şirkətlər layihəni maliyyələşdirməkdən imtina edəcəklər. Belə ki, bu şirkətlərin hamısı biznesi dollarla aparır, hamısının amerikalı investorları var.
Rusiyanın nəhəng layihəsinin dayandırılması mümkündürmü? ABŞ istəyinə çatarsa, rəsmi Moskva Ağ Evin fəal şəkildə dəstəklədiyi əsas regional qaz boru xətti olan Cənub Qaz Dəhlizinin icrasına mane olmaq üçün aktiv fəaliyyətə keçə bilərmi? Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəməri ilə bağlı İtaliyada problemlər qalır və bu ölkədə hökuməti Rusiyapərəst qüvvələr formalaşdırıb, Şimal qonşumuzun əlində Azərbaycan qazını Avropaya çatdıracaq layihəni durdurmaq üçün ciddi rıçaqların olduğunu söyləyə bilərik.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov “Şimal Axını 2" layihəsi ilə bağlı ABŞ-ın sərt mövqeyinin Avropadakı müttəfiqləri tərəfindən birmənalı qarşılanmadığını deyir: ”Bir sıra Avropa ölkələri, o cümlədən Almaniya bu məsələdə ABŞ-la razılaşmır. Bu, çox qəribədir. Qəribəlik ondadır ki, bu layihə yalnız Ukraynaya qarşı yönəlib. Yəni ondan zərərçəkən tərəf yalnız Ukraynadır. Başqa itirən tərəf yoxdur. Bu kəmər Avropaya çatdırılan Rusiya qazının həcmini də artırmır. Söhbət, sadəcə, tranzit ərazisinin dəyişməsindən gedir. Bu layihə reallaşarsa, Rusiyanın bəzi Şərqi Avropa ölkələrinə qarşı qazdan təzyiq vasitəsi kimi yararlanması ehtimalı da azalır. Çünki qazpaylayıcı qismində güclü Almaniyanın çıxış etməsi bu məsələdə Rusiyanın daha ehtiyatlı davranmasına gətirib çıxara bilər".
Ekspertin fikrincə, Ukrayna ilə bağlı ABŞ-ın mövqeyində də dəqiq konturlar hələ də bəlli deyil: “Amerika iqtidarının Ukrayna mövzusunda mövqeyini tam olaraq başa düşmək çox çətindir. Burada iki xətt hiss olunur. Belə ki, bir sıra dövlət qurumları, o cümlədən Pentaqon daha çox radikal mövqeyə sahibdirlər. Amma başda prezident olmaqla, Ağ Evin mövqeyi yumşaqlığı ilə seçilir. Eyni zamanda Rusiya layihəsinə qarşı münasibətdə də konkretlik müşahidə olunmur. Maraqlıdır ki, bu məsələdə prezident daha kəskin mövqe sərgiləyir”.
E.Soltanov bildirir ki, hətta ABŞ-dakı sanksiya qanunu qəbul olunsa belə, Rusiya “Şimal Axını 2"nin davamını təmin edə biləcək: ”Rusiyanın əlində imkanlar yetərincədir. Bilirsiniz, hələ də aydın deyil ki, bu, ABŞ üçün prinsip məsələsidir, yoxsa başqa istiqamətdə Rusiyadan nələrisə qopartmaq üçün vasitədirmi? Belə böyük layihələr bir qayda olaraq başqa məsələlərdə təzyiq vasitəsinə çevrilir. Xüsusilə də Helsinki görüşmələrindən sonra Rusiya ilə münasibətlər məsələsi ABŞ-da kontroldan çıxmış durumdadır. Digər tərəfdən, burada təzyiq həm Rusiyaya qarşı olar bilər, həm də bəzi Avropa ölkələrinə qarşı. Nəzərə almaq lazımdır ki, İrana münasibətdə də ABŞ-ın Avropa müttəfiqləri ilə ciddi fikir ayrılıqları var. Eyni zamanda ticarət münasibətlərində də problemlər yaranıb".
Müsahibimizin fikrincə, Rusiya layihəsinin əngəllənməsi Azərbaycanın qarşı duran iki tərəf arasında qalmasına səbəb ola bilər: “Burada iki variant mümkündür. Birincisi budur ki, Rusiya sanksiyalara cavab olaraq ABŞ-ın açıq və davamlı dəstək verdiyi Azərbaycan layihəsinə qarşı aktiv fəaliyyətə keçə bilər. Onsuz da İtaliyada TAP-la bağlı problemlər qalmaqda davam edir, burada hakimiyyətə gələn qüvvələr bəzi ölkələrə isti münasibəti ilə seçilir. Bu baxımdan, əngəllərin daha da artması mümkündür. İkinci variant bundan ibarətdir ki, Rusiya öz qazını Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırmağa çalışar. Bu ehtimal hazırda da müzakirə olunur. Lakin məsələ burasındadır ki, Cənub Qaz Dəhlizi ilə maksimum ildə 10 milyard kubmetr Rusiya qazının nəqli mümkündür. Bu baxımdan, ikinci variant Rusiyanın Ukraynaya yönəlik planlarına qismən cavab verir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?