“Bizi fikirləşməyib gediş haqlarını 50 faiz qaldırdılar, onda zəhmət çəkib millətə təzə avtobuslar alıb versinlər. Mən niyə kondisioneri olmayan, cır-cır eləyən, dağılıb-tökülmüş avtobus əziyyət çəkib hər gün işdən evə, evdən işə getməliyəm? Hələ bir 30 qəpik də verməliyəm? Əgər qiymət artırsa, keyfiyyət də yüksəlməlidir” – deyə Bakı sakini Səlim Mirzəyev deyir.
Onun sözlərinə görə, Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarını artırmaq qərarı verəndə marşrut xətlərində avtobusların vəziyyətini qiymətləndirməyib.
Səlim kişi hesab edir ki, Tarif Şurası həm Bakı Nəqliyyat Agentliyi, həm “Faiqoğlu” şirkəti qarşısında tələblər qoymalıydı: “Deməliydi ki, biz gediş haqlarını bahalaşdırırıqsa, siz sərnişinin komfortunu nəzərə almalısınız, təzə avtobuslar gətirilməlidir. Bakıda avtobusların çoxu köhnə -küşküldür, dayananda cırıltı səsi dünyanın o başında eşidilir, oturacaqlar bərbad gündə, kart sistemi çoxunda yoxdur, dayanacaqlardakı elektron monitorlar işləmir, interval deyilən bir şey qalmayıb, köhnə avtobusların şoferləri hələ də sükan arxasında siqaret çəkirlər. Yəni, Ziya Məmmədovdan sonra heç nə dəyişməyib, marşrut sistemi biabırçılıqdır. Ancaq bu problemləri həll edəndən sonra gediş haqlarını qaldırmaq barədə bəlkə danışa bilərdilər”.
Bəzi avtobus şoferləri də buna etiraz etmirlər. Onların ürəyincə olar ki, təzə avtobuslar gətirilsin. Əslində, keçmiş nəqliyyat nazirinin vaxtında gətirilən bu avtobuslar təzədirlər.
Amma o qədər istismar olunublar ki, sovetdən qalmış avtobuslara oxşayırlar. Sürücülərdən biri yeni avtobusların gətirilməsini gözləmir.
Onun fikrincə, istifadədə olanlar metalloma verilənə qədər sürüləcəklər: “Biz də bunları “həftə səkkiz, mən doqquz” düzəltdirməkdən bezmişik. Çox tez sıradan çıxdılar. Bu yollar avtobus dözər?”
Bu ilin martında Bakı Nəqliyyat Agentliyi tərəfindən 300 yeni avtobusun alınması ilə bağlı tender elan edildiyi bildirilmişdi.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, əsas marşrut xətləri üzrə avtobuslar yenilənəcək: “Bununla bağlı daşıyıcılara da xəbərdarlıq etmişik. Hansı daşıyıcı yeni avtobuslar gətirsələr, onlar işləyəcəklər. Hazırda marşrut xətləri üzrə müsabiqə davam edir. Bilirsiniz ki, avtobus xətləri bir-bir müsabiqəyə çıxarılır. Narahatlıq doğuran marşrut xətləri ilk əvvəl müsabiqəyə çıxarılacaq, komfortlu avtobusu, istehsalat və peşəkar sürücü bazası olan avtobuslar fəaliyyət göstərəcək. Olmayanlar xətdən çıxarılacaq. Yeni avtobusların gətirilmə vaxtı hələ ki, dəqiq deyil. Qeyd etdiyim kimi, bununla bağlı tender davam edir. Tender yekunlaşandan sonra nəticələrə uyğun olaraq avtobusların gəlmə vaxtı müəyyənləşəcək”. Artıq sentyabr yaxınlaşır, gözləyək görək…//azeuronews.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?