Bakı sakini Marietta Möhüb qızı Əsədova paytaxtda aparılan söküntü işləri ilə bağlı üzləşdiyi problemlərdən dövlət qurumlarına yazdığı növbəti məktubun bir surətini də redaksiyamıza yollayıb. gundemxeber.az bildirir ki, o, istiqlal.az-a ünvanladığı məktubunda yazır ki, uzun illərdir dövlət qurumlarının biganəliyi ucbatından ailəsi əziyyət çəkir.
Problemin həlli üçün üz tutduqları məhkəmələr də işi uzadır, ədaləti bərpa etmir. “Biz indi hara üz tutacağımızı, ədaləti harda axtaracağımızı bilmirik” deyə şikayətçi məktubunda yazır:
“Binəqədi rayonu, Yavər Həsənov küçəsi, ev 22/30 ünvanındakı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mərhum həyat yoldaşım Xudabaxış Rəhim oğlu Əsədovun xüsusi mülkiyyətində olub. 2013-cü ilin avqust ayında Bakı şəhərində yol tikintisi işlərinin aparılması ilə əlaqədar əmlakımız dövlət ehtiyacı adı ilə alındı. Lakin evimizi sökən “Azəryolservis” ASC (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) kompensasiyanın böyük bir hissəsini bizə ödəmədi. Belə ki, hər kəsə evinin yaşayış və qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 1500 (min beş yüz) manat kompensasiya ödənildiyi halda bizə yalnız 950 (doqquz yüz əlli) manat ödənildi. Həmçinin texniki pasporta və başqa sənədlərə əsasən, bizə məxsus 139,7 kv.m. torpaq sahəsinə görə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulan çətinliyə görə 10% kompensasiyanın ödənilməsindən qanunsuz olaraq imtina edildi. Maraqlıdır ki, alan orqan 139,7 kvm. torpaq sahəsinin 1 kv.m.-i üçün 500 manat kompensasiyanı bizə ödəsə də qalan 138,7 kv.m.-ə görə kompensasiyanı ödəməyib və bunu heç nə ilə əsaslandırmayıb.
Bu səbəbdən həyat yoldaşım 2013-cü ilin 03 sentyabr tarixində 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə müraciət etdi. 5 ildən çoxdur məhkəmə davam edir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 18 mart 2015-ci il, 10 yanvar 2018-ci il, 28 avqust 2018-ci il tarixlərdə çıxardığı qərarlarla aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və işi yenidən apellyasiya instansiyası məhkəməsinə qaytararaq qərarlarında dəqiq və konkret olaraq göstərib ki, bizə 139,7 kv.m. torpaq sahəsinə görə kompensasiya ödənilməlidir. Lakin Bakı Apelyasiya Məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə məhəl qoymayaraq apellyasiya şikayətini təmin etmir. Belə çıxır ki, bizdə söz sahibi Apelyasiya Məhkəməsidir. İndi də iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Səriyyə Seyidovanın icraatındadır və iş 05 oktyabr 2018-ci ilə təyin edilib.
5 ildir davam edən məhkəmə çəkişmələrində həyat yoldaşım Xudabaxış Əsədov ağır xəstəlikdən vəfat etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi onun həyat yoldaşı kimi məni onun prosessual hüquq varisi olaraq tanıyıb. Lakin mən də uzun illərdir ağır xəstəlikdən əziyyət çəkirəm. Uzun illərdir alacağım kompensasiya hesabına müalicə olunmağımı və subay övladımın xeyir işini görməyi arzulamışam. Hər dəfə Ali Məhkəmənin qərarları ilə arzuma çatacağımı ümid etsəm də Bakı Apelyasiya Məhkəməsi qanunsuz qərarları ilə buna imkan vermir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər etsəm də bu günə qədər pozulmuş haqqımın bərpası üçün heç bir tədbir görülmür”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?