Bəlkə də həmin kollecdə maddi sıxıntılar içində təhsil alan elə tələbələr var ki, onlar günlərlə deyil, həftələrlə, ongünlərlə ət yeyə bilmirlər
Yəqin ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Məhəmməd Xiyabani küçəsinin kəsişməsindən ötüb-keçən hər kəs real mənzərəni görüb, bir anlığa olsa belə öz-özünə sual edir: “Ey bizi Yaradan, bu nə dərdi-bəladır düşmüşük?!” Çünki artıq neçə illərdir ki, əslən Qarabağdan və ətraf rayonlardan qaçqın düşənlər hər kəsin “Qaçqınların kababxanası” adı ilə tanıdığı ərazidə elə bir mənzərə yaradıblar ki, görüb eşidən hər kəs “ya vəlvələyə, ya da ki, zəlzələyə” düşməli olur. Çünki, iki mərkəzi magistral yolun orta hissəsində heç bir standarta uyğun gəlmədən fəaliyyət göstərən kababxanaların varlığı, bu gün ərazidən ötüb-keçənləri olduqca düşündürməkdədir. Buna səbəb olan amillərdən ən əsası, həmin kababxanalarda kəsilən xırdabuynuzlu, yaxud da iribuynuzlu heyvanların heç bir baytar nəzarəti olmadan, heç bir laboratotiyada analizi həyata keçirilmədən insanların ötüb-keçdiyi yerlərdə kəsilməsidir. Məsələnin daha ciddiliyi ondan ibarətdir ki, kəsilən diri heyvanlar insanların gözləri önündə açıq-aşkar şəkildə kəsilir və belə bir halın varlığı da, çox zaman azyaşlıların psixalogiyasına olduqca təsir edir. Ərazinin antisanitariya mənbəyinə çevrilməsi, kababxanalarda müştərilərin aldadılmaları, işçilərin əmək müqaviləsi bağlamadan və sağlamlıq durumları yoxlanılmadan çalışmaları, göstərilən xidmətlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsi, kassa aparatlarının olmaması, işçilərin əməyindən sanki “qul əməyi” kimi istifadə olunması, yeməkxanalardakı qab-qacaqların, stol və stulların sınıq-salxaq olmaları, kəsilmiş heyvan və quş ətlərinin açıq hava şəraitində saxlanması, həmçinin satışının həyata keçirilməsi, sudan və elektrik enerjisindən istifadəyə görə sayğacların olmaması, ərazidə heyvanların mələşmələri və bunun qarşılığında səs-küy salmaları və s. olduqca ciddi problemlərin varlığından xəbər verir.
Bütün bunlar qalsın bir yana, Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə onu da bildirir ki, qəkababxanaların olduqca yaxınlığında fəaliyyət göstərən 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil alan tələbələrə, müəllim kollektivinə təsir edən amillər də, ciddi problemlərdir ki, bəlkə də həmin problemlərə kimlərsə lazımınca əhəmiyyət vermirlər. Çünki, həmin kababxanalarda bişirilən kababların iy-qoxusu ətraf əraziyə yayılır və birbaşa hər kəsə də təsir edir. Bu da heç cür yolverilməz haldır. Bunu ona görə qeyd edirik ki, bəlkə də həmin kollecdə maddi sıxıntılar içində təhsil alan elə tələbələr var ki, onlar günlərlə deyil, həftələrlə, ongünlərlə ət yeyə bilmirlər. Belə bir iy-qoxunu hiss edən tələbə, yəqin ki, hansısa sıxıntıları da keçirməyə məcbur olur. Digər tərəfdən, kababxanaların yaxınlığında fəaliyyət göstərən və ətrafa yayılan iy-qoxunun Milli Onkologiya Mərkəzində müayinə və müalicə olunan xəstələrə təsiri də, düşündürücü məsələlərdəndir. O halda sual oluna bilər ki, Bakı şəhərinin mərkəzi ərazilərindən birində heç bir standarta uyğun gəlməyən, çoxsaylı problemlər məngənəsində boğulan bu cür yöndəmsiz kababxanaların fəaliyyətləri, görəsən aidiyyəti qurumları niyə düşündürmür? Bəlkə baş verənlərdən Vergilər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, “Azərişıq” ASC-nin, “Azərsu” ASC-nin, “Azəriqaz” İstehsalat Birliyinin və hüquq-mühafizə orqanı əməkdaşlarının məlumatları yoxdur? Əgər yoxdursa, o halda biz problemləri ictimailəşdiririk ki, məlumatı olmayanlar məlumatlı ola bilsinlər. Həmin kababxanaları işlədən şəxslərin əslən Qarabağdan və ətraf rayonlardan qaçqın düşən şəxslər olmalarını, yuxarıda da qeyd etmişdik. Amma, bu o demək deyil ki, qaçqın düşən hər kəs düşünüb daşındığı addımını atmalı və belə bir problemləri də yaratmalıdırlar.
Əvvəla onu qeyd edək ki, qaçqın düşənlərin problemləri ölkə rəhbəri cənab İlham Əliyevin və aidiyyəti üzrə dövlət qurumlarının diqqət mərkəzində saxladığı məsələlərdəndir. Yəni, onlara məxsus problemlər qəbul olunmuş “Dövlət Proqramı” çərçivəsində mərhələli şəkildə həyata keçirilməkdədir. Ona görə də, düşünürük ki, qeyd olunan ərazidə əmələ gətirilən problemlərin aradan qaldırılmasına ciddi zərurət yaranıb.
Sorğu
Yeni dizaynımız necədir?