Azel.TV saytının inzibati qaydada həbs edilmiş baş redaktoru, sosial şəbəkələrdə kəskin tənqidi statuslar paylaşan Əfqan Sadıqov dekabrın 27-də azadlığa çıxıb.
Əfqan Sadıqovun həyat yoldaşının bildirdiyinə görə, o, cəza müddəti başa çatdığından azadlığa buraxılıb.
Əfqan Sadıqov bir ay əvvəl, noyabrın 27-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 aylığa inzibati qaydada həbs olunmuşdu. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) maddəsi ilə günahlandırılmışdı. Əfqan Sadıqov Prezident Administrasiyasının qarşısında aksiya keçirilən zaman (Azərbaycanın ərazi bütövlüyü uğurunda ölən hərbi qulluqçulardan bəziləri onlara birdəfəlik müavinət verilmədiyindən şikayətlənirdilər) bir çox jurnalistlərin gözü qarşısında saxlanmışdı. O, ittihamı qəbul etmirdi. Əfqan Sadıqov saxlanmazdan əvvəl sosial şəbəkələrdə hakimiyyət əleyhinə kəskin statuslar paylaşırdı.
Əfqan Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, bu il mayın 23-də azadlığa çıxıb.
İyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası da almışdı. Əfqan Sadıqov təkrar azadlığa çıxdıqdan sonra şərləndiyini və polisdə işgəncəyə məruz qaldığını iddia etmişdi. Amma o vaxt onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Nazirlik polisdə saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edir.
Sorğu
Yeni dizaynımız necədir?