Son bir ildə 3-cü haldır ki, həbsdə olan ictimai fəal barədə yeni cinayət işi açılıb və cəza müddəti uzadılıb.
2018-ci ildə dindar fəal Telman Şirəliyev və AXCP sədrinin müşaviri Məmməd İbrahimdən sonra, bloqqer Mehman Hüseynov barəsində də həbs müddətinin başa çatmasına üç ay qalmış, ona yeni cinayət işi açıldı. Yaxınları deyirlər ki, Mehman Hüseynov buna etiraz olaraq, dekabrın 28-dən aclıq aksiyasına başlayıb. Vəkili Şəhla Hümbətova deyir ki, bloqqerlə görüşə bilmir: “Ancaq məlumatımız ondan ibarətdir ki, 1 saylı istintaq təcridxanasına köçürülüb və bir dəfə evə zəng edib, bildirib ki, aclığı davam etdirir. Vəziyyəti pisləşib, həkim çağırıblar və həkim ona nə isə iynə vurub, amma biz bilmirik ki, bu nə ilə bağlıdır və nə iynəsidir. Bu gün (yanvarın 2-də -red.) əlaqə saxladım, dedilər ki, bayram günləri ilə bağlı onunla görüşə bilmərəm, yəqin ki, sabah görüşəcəyəm”. Atası Rafiq Hüseynov isə bildirib ki, Mehman, dekabrın 30-da evə zəng edəndə sağlıq durumu ağır olub, onun, su içmək barədə xahişini qəbul etməyib. Atası deyib ki, bloqqeri telefonla danışmaq üçün əllərində gətiriblər. Mehman Hüseynov polisə böhtan atmaqda ittiham olunub, 2 il azadlıqdan məhrum edilmişdi. Bu dəfə isə bloqqer, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona qarşı zor tətbiq etməkdə ittiham olunur. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyir ki, Mehman Hüseynov iki gündür ki, aclığı dayandırıb: “Onun səhhətində heç bir problem yoxdur. Çoxdandır aclıq etmir o. Mən bildiyimə görə iki gündür o adam çörək yeyir”. Mehman Hüseynov azadlıqda ikən hakimiyyəti sərt təndiq edirdi, bəzi məmurlara məxsus olduğu iddia olunan mülkləri barədə video bloqlar hazırlayırdı. Onun “Sancaq” adlı Facebook səhifəsinin 400 minə yaxın izləyicisi var. Həbsdən əvvəlki sonuncu videolarının birində Mehman Hüseynov, prezident İlham Əliyevin xanımının 1-ci vitse-prezident təyin etməsindən bəhs edirdi. Amma rəsmilər adətən bloqqerin hakimiyyət mənsublarını tənqid edən videolarına görə həbs edilməsi barədə deyilənləri inkar edir, onun polis əməkdaşına böhtan atdığına görə iki il müddətinə azadlıqdan məhrum edildiyini deyirlər. "Bizə tapşırmışdılar deyə etdik..." Keçən ilin sentyabrında, başqa bir məhbusun, AXCP sədrinin müşaviri Məmməd İbrahimin üç illik cəza müddətinin bitməsinə bir gün qalmış penitensiar xidmətin əməkdaşlarının dediklərinə görə onun yatağından kəsici alət tapılmışdı və hazırda yeni cinayət işi üzrə məhkəmə gedir. Oğlu Turan İbrahim deyir ki, atasının azadlığa çıxmasını gözləyərkən bu hadisə gözlənilməz oldu: “Əvvəl getdik yanına bizi buraxmadılar, sonra buraxdılar. Hadisədən özü də təəccüblənmişdi. Amma təxribat törədənlər deyiblər ki, biz məcburuq, bizə tapşırmışdılar deyə bunu etdik”. Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, Əliyevlərin hakimiyyəti dövründə ümumilikdə dördüncü dəfədir ki, ictimai fəal məhbusa həbs müddəti başa çatmamış cinayət işi açılır. Üç məhbusla bağlı bu hal keçən il, bir məhbus - keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı isə 2016-cı ildə baş verib. Leyla Yunus deyir ki, məqsəd insanların ümidini kəsməkdir: “Bunlar istəyirlər ki, vətəndaşlarda ümid qalmasın. Adamlar deyirlər ki, eybi yox, girərik türməyə, vaxtımız bitəndə çıxarıq. Onlar isə deyirlər ki, sənə üç il iş verərik, 30 il yatıb çıxarsan”. Hakimiyyətdə olan rəsmilər iddia edirlər ki, ölkədə siyasi məhbus yoxdur və heç kimə siyasi baxışlarına görə təzyiq olunmur. Amma Azərbaycanın beynəlxalq insan haqları reytinqi də aşağıdır, Human Rights Watch, Freedom House kimi qurumları ölkəni “qeyri-azad” kimi qiymətləndirir.
Sorğu
Yeni dizaynımız necədir?