Həbsxanada dekabrın 26-da aclıq aksiyasına başlayan Mehman Hüseynova dəstək məqsədi ilə ictimaiyyət nümayəndələri 6 gündür aclıq edir. Onlar aksiyanı Müsavat Partiyasının mərkəzi qərargahında davam etdirir.
“Hazırda 9 nəfər aclıq edir. Əzmimiz möhkəmdir. “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiyamız davam etdirilir,” yanvarın 4-dən aksiyaya qoşulan Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu bildirib.
Onun sözlərinə görə, yanvarın 8-də gecə saat 4-də aclıq aksiyası keçirilən binaya elektrik enerjisinin verilməsində fasilə yaranıb.
“Bir neçə saat elektrik enerjisi olmadı. Bilirsiniz, aclıq edən insanın orqanizmi zəif olur, tez üşüyür. Buna baxmayaraq aclığı davam etdirmək əzmindəyik,” Yaqublu qeyd edib.
Aclıq edənlərin səhhətində müəyyən problemlər yaranıb. Bu gün ictimai fəal Fatimə Mövlamlıda kəskin baş gicələnməsi başlayıb və təcili tibbi yardım dəvət edilib.
Tofiq Yaqublu bildirib ki, aksiyaya qoşulmaq üçün çoxsaylı insanlar müraciət edir.
“Biz, bir dar otaqda, 9 nəfər aclıq edirik. Burada yer çox dardır. Bizimlə birgə aclıq etmək istəyənlərə aksiyalarını evlərində davam etdirmələrini xahiş edirik. Artıq Avropada, Amerikada da aksiyamıza dəstək verirlər. Vaşinqtonda Zaur Bayramlı adlı dostumuz dəstək məqsədilə 3 gün aclq elan etdiyini bildirib,” Yaqublu qeyd edib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir. Hazırda ondan çox insan Hüseynova dəstəkə məqsədi ilə aclıq edir.
Blogerə qarşı yeni cinaytət işinin qaldırılması beynəlxalq ictimaiyyət ərəfindən də tənqidlərləqarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar, AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.
Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?