Kreditini ödəyə bilməyən Sumqayıt sakini hədələnib.
GundemXeber.az xəbər verir ki, bu barədə unikal.org-a müraciət edən vətəndaş Gülnarə Cəfərova məlumat verib. O bildirib ki, kredit ödənişi bir neçə gün gecikdiyinə görə şirkətin operatoru ona və anasına zəng edərək xoşagəlməz sözlər deyib:
"Mən Sky Ekspressdən kreditə kompüter götürmüşəm. Bu ay kredit ödənişini gecikdirmişəm. Mənə zəng edib dedilər ki, saat 4-də kimi ödəməlisiniz. Həmin gün ödəyə bilmədim. Sonra evə anam Sevda Cəfərovaya zəng ediblər .Anamla kobud danışıblar. Bu xanımın müştəri ilə danışıq mədəniyyətinin olmaması barədə şirkətin baş ofisinə zəng edib şikayətimi bildirdim. Şikayətimə baxan başqa bir xanım ondan da betər danışıq tərzi ilə məni təəccüblkəndirdi. İlk əlaqə saxlayan xanımın işlətdiyi ifadələrin bəzilərini bura olduğu kimi yazıram: “Əlini qulağının dibinə qoyub gözləyirsən, keyfin nə vaxt istəyir onda ödəyəcəksən?”, “Ödənişi etməmək sənin başın üçün deyil!”, “Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!”
Bu cür ifadələr işlədən, nitq mədəniyyəti, müştəri ilə ünsiyyət qabiliyyəti olmayan bir adamın bu şirkətdə niyə çalışması ilə bağlı şikayət edəndə mənim şikayətimə baxıb mənə zəng edən ikinci xanımın işlətdiyi ifadələrdən də bəzilərini yazıram: “Bizim rəhbərliyimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Siz hara istəyirsiz şikayət edin, amma sizin üçün yaxşı olmayacaq! Mənə maraqlıdır ki, bu şəxslərə kim icazə verib ki, müştəri ilə etikadan kənar danışıb onu hədələsinlər?"
Qeyd edək ki, məsələ ilə bağlı müştərinin verdiyi şirkətin nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?