Mayın 20-də polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyasının cənub zonası üzrə təşkilat rəhbərlərinin zona müşavirəsiinin keçirilməsinə imkan verməyib. Müşavirə Masallı rayonunda (Bakıdan 236 kilometr cənub) keçirilməli idi. Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim Amerikanın Səsinə bildirib.
Müşavirədə AXCP-nin Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Astara, Lerik və Yardımlı rayon şöbələrinin rəhbərlərinin iştirakı nəzərdə tutulub.
Onun sözlərinə görə, AXCP əvvəlcədən zona müşavirəsinin keçirilməsi üçün yer ayrılması barədə Masallıı rayon İcra Hakimiyyətinə müraciət edib.
“İcra hakimiyyəti müşavirənin keçirilməsi üçün yer ayırmaqdan imtina etdi. Amma zona müşavirəsinin keçirilməsinə mane olunmayacağını bildirildi. Bu səbəbdən müşavirəni rayondakı çayxanalardan birində keçirmək qərarına gəldik. Lakin bu gün polis əməkdaşları adları sadalanan rayon təşkilatlarının rəhbərlərinin əksəriyyətinin müşavirəyə gəlməsinə imkan verməyib. Partiya fəalları müxtəlif rayonların polis şöbələrində saxlanılıb. Mən və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Masallı rayonuna daxil olan kimi polis nəzarətinə götürüldük. Çayxanaya daxi olan fəallara ilk öncə bir şəxs hücum çəkdi. Çayxananın sahibi oranı bağladı. Fuad Qəhrəmanlını Cəlilabad rayon Polis Şöbəsinə apardılar və sonra bizi polis avtomobilinin müşayəti ilə Cəlilabad rayonuna gətirib digər polis əməkdaşlarının nəzarətinə təhvil verdilər. Cəlilabad rayondan isə polis avatomobli bizi Salyan rayonunadək müşayiət etdi. Hazırda Salyan rayonundayıq. Bundan sonra nə olacağını bilmirik,” Məmməd İbrahim qeyd edib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Masallı rayonunda baş verənlər siyasi fəaliyyət azadlığının boğulmasıdır.
“Heç bir qanuni, hüquqi əsas olmadan partiyanın keçirmək istədiyi toplantıya mane olundu,” o qeyd edib.
Öz növbəsində, rəsmi qurumlar AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilməməsi ilə bağlı bu qurumun məlumatına hələ münasibət bildirməyib. Bununla yanaşı, Masallı rayon Polis Şöbəsinin növbətçi hissəsindən baş verənlərlə bağlı sualımıza cavab almaq mümkün olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?