Dünyanın 200-dən artıq ölkəsi və ərazisindən 1 milyondan çox adam petisiya imzalayaraq İran hakimiyyətini tanınmış insan haqları müdafiəçisi Nəsrin Sotudeni azadlığa buraxmağa çağırıb.
Məlumatı Amnesty International hüquq-müdafiə təşkilatı yayıb.
Hüquq müdafiəçisi ümumilikdə 38 il yarım həbs cəzasına və 148 qamçıya məhkum edilib. Təşkilat Sotudenin “iki dəfə kobudcasına ədalətsiz şəkildə mühakimə olunduğunu” bildirib.
Artıq onun həbsindən bir il keçir. Amnesty iyunun 13-də imzaları İranın müxtəlif ölkələrdəki səfirliklərinə təqdim etdiyini bildirir.
Sotudenin həbsi “İran hakimiyyətinin beynəlxalq səhnədə repressiyasının dərinliyini ortaya qoyub”, qurumun Yaxın Şərq və Şimali Afrika üzrə araşdırma və təbliğat direktoru Filip Lüter deyib.
“Bu gün biz aydın bir mesaj göndəririk: dünya baxır və Nəsrin Sotude azadlığa buraxılanadək kampaniyamızı davam etdirəcəyik”, Lüter əlavə edib.
Avropa Parlamentinin 2012-ci il Düşüncə Azadlığı üzrə Saxarov Mükafatının qaliblərindən olmuş Sotude ötən il iyunun 13-də Tehrandakı evində həbs olunub.
Qadınların hüquqlarının müdafiəçisi olan Sotude martda 33 il yarım həbs və 148 şallaq cəzasına məhkum edilib.
O, 2016-cı ilin sentyabrında başqa bir iş üzrə beş illik həbsə məhkum olunmuşdu. Beləliklə, onun ümumi həbs cəzası 38 il yarımdır. İranın cəza qaydalarına görə, 17 ilini həbsdə keçirəcək.
Sotude ötən il ölkədə sərt geyim kodeksinə etiraz olaraq baş örtüyünü çıxarmış bir neçə qadını məhkəmələrdə təmsil edib.
İran isteblişmentinin açıq tənqidçisi olaraq daha öncə də üç il həbs cəzası çəkib. 2009-cu ildə o, Mahmud Əhmədinejadın təkrar prezident seçilməsinə etirazlarda həbs olunan dissidentləri təmsil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?