Ali Məhkəmədə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin kassasiya şikayətinə baxılıb.
Hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə şikayətlər araşdırılsa da təmin edilməyib.
Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb, Qalib Hacıyevə 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.
Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.
Yuxarı instansiyalara müraciət edən məhkumlar bəraət hökmünün çıxarılmasını istəyiblər.//TRend
Sorğu
Yeni dizaynımız necədir?