Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.[b][/b] Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sabiq deputat Dünyamin Xəlilov vəkili Əsli Məmmədovanın xidmətindən imtina edib. Ona dövlət hesabına vəkil təyin olunmasını xahiş edib.
Vəkillər məhkəmədə araşdırılmasını istədikləri məsələlərlə bağlı vəsatətlər qaldırıblar. Cahangir Hacıyevin vəkilləri bankın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsini istəyir.
Çünki cinayət işinin materiallarında iddia olunur ki, Beynəlxalq Bankda 10, 20 milyon və daha yuxarı kreditlər Cahangir Hacıyevin göstərişilə, bankın Müşahidə Şurasının xəbəri olmadan verilib.
Məlumata görə, Müşahidə Şurasının da kredit limiti ilə bağlı qərarı vardı - 2 milyondan yuxarı kreditlər üçün mütləq Şuranın razılığı alınmalıydı. Vəkillər bu məsələyə aydınlıq gətirilməsini istəyirdilər.
İyulun 15-də hakimlər Vəli Kərimovun dindirilməsi haqda vəsatətin təmin olunmadığını deyiblər.
Daha sonra vəkillər məhkəmədən Qazaxıstanın Ədliyyə Nazirliyinə sorğu göndərilməsini də istəmişdilər. Bildirilirdi ki, orada fəaliyyət göstərən "Minay" şirkətinə ayrılan kredit ödənilməyib.
Neft yatağına da sahib olan bu şirkət öhdəliyin yerinə yetirilməməsinə görə Beynəlxalq Banka keçib. Amma 2015-ci ildə Cahangir Hacıyevin Beynəlxalq Bankdan uzaqlaşdırılması və ardınca da həbsindən sonra şirkətin rəhbəri, hüquqi ünvanı bir neçə dəfə dəyişib. Vəkillər Qazaxıstandan o şirkət haqda məlumatlar alınmasını istəyirdi.
Ancaq məhkəmə bununla bağlı vəsatəti də təmin etməyib.
Bu işdə zərərçəkən qismində "Aqrarkredit" QSC tanınıb. Bu qurum 2015-ci ilin iyununda Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə prezidentin fərmanıyla yaradılıb. Qaytarılmayan kreditlərə görə müsadirə olunan əmlakların (müəssisələr) idarə olunması da bu quruma həvalə olunub.
"Aqrarkredit" Beynəlxalq Bank işi üzrə istintaq zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində C.Hacıyev və digərlərinə qarşı 4 milyard 138 milyon manat mülki iddia qaldırıb. Məhkəmədə C.Hacıyevin vəkilləri bu məbləğə etiraz ediblər. Onlar deyiblər ki, "Aqrarkredit" qaytarılmayan kreditlərə görə müsadirə olunmuş əmlakları nəzərə almayıb.
"Aqrarkredit" mülki iddianın məbləğini bir daha dəqiqləşdirməkdən ötrü məhkəmədən vaxt istəyib.
Məhkəmə iyulun 22-nə qədər təxirə salınıb.
Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.//musavat
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?