Sabiq nazir hazırda kimya terapiyadan keçir, yaxın aylarda Avropaya gedəcək
Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən olan İsgəndər Həmidov xərçəng xəstəliyindən əziyyət çəkir.
Gundemxeber.az xəbər verir ki, bu haqda Müsavat TV-nin canlı efirinə qonaq olan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri, AXH üzvü Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, İ.Həmidovun ağciyərində bədxassəli şişin olması onun Türkiyə səfəri zamanı aşkarlanıb. Belə ki, iyun ayının əvvəlində ürəyindəki problemlərə görə Türkiyəyə yola düşən və ürəyinə stent qoyulmasına hazırlaşan İ.Həmidova orada xərçəng xəstəsi olduğu bildirilib. Aparılan müayinə və analizlər nəticəsində ağciyərində aşkarlanan şişin bədxassəli olduğu təsdiqlənib. Əməliyyat isə ürəyinin zəif funksiyasına görə baş tutmayıb.
Hazırda bir neçə günlük Bakıda olan İ.Həmidov müntəzəm həkim nəzarətindən və kimya terapiyadan keçir. Yaxın günlərdə Şamaxıdakı evinə qayıdacaq olan eks nazir bir neçə ay sonra müalicə üçün Avropaya yollanacaq.
A.Şakiroğlu bu müddətdə İ.Həmidovun mediaya açıqlama verməməsinin, jurnalistlərlə ünsiyyətdən imtina etməsinin səbəbini belə izah etdi: “Səhhətindəki bu problem onun xarici görünüşünə və təbii ki, əhvalına da təsir edib. O, medianın və geniş ictimaiyyətin qarşısına bu formada çıxmaq istəmir. Allah qoysa, səhhəti qaydasına düşər, problemlər arxada qalar, ondan sonra media ilə görüşər. Özü belə istəyir”.
Müsahibimiz eyni zamanda dedi ki, müxalif cameyədəki bir çox insanlar İ.Həmidovun səhhətindən xəbərdardılar. Onun fikrincə, bu səbəbdən də bəzilərinin “o, niyə ortalarda yoxdur?” sualını səsləndirməsi qeyri-səmimilikdən xəbər verir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?