Dövlət ittihamçısı "Gəncə işi" üzrə mühakimə olunan 8 nəfərdən ibarət digər qrupun cəzasının yumşaldılmasını təklif edib.
Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə prokuror Ceyhun Əliyev 7 nəfərin barəsində ittihamın Cinayət Məcəlləsinin 220.1-ci maddəsindən (kütləvi iğtişaşların təşkili) 29.220.1-ci (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəyə tövsif olunmasını istəyib.
Prokuror yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə qarşı ittihamın olduğu kimi saxlanmasını təklif edib. Bununla belə, prokuror məhkəmədən Elman Quliyevin cəzasının 8 ildən 7 ilədək azaldılmasını xahiş edib.
Prokuror 6 il müddətinə həbs edilmiş Səbuhi Rəcəbov, Riyad Nuruzadə, Sabir Əzizov və Fikrət Mirzəliyevə cəzasının yarım il azaldılmasını istəyib.
5 il müddətinə həbs edilmiş Cabir Əzizov və Gülmirzə Nuruzadənin cəza müddətinin 4,5 ilə endirilməsi istənilib.
Lakin vəkillər prokurorla razılaşmayıb. Onların fikrincə, müttəhimlər heç bir cinayət əməli törətməyib. Müdafiə tərəfi hamının barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sabir Əzizovun vəkili məhkəmədən xahiş edib ki, mütəhimin ailəsinin vəziyyətinin ağır olduğunu nəzərə alsın.
"Sabir Əzizovu radikal dini qrupun üzvü hesab edirlər. Halbuki, tutulanda içkili vəziyyətdə olub. Onun atası birinci qrup əlildir, ana 180 manata xadimə işləyir. Evə çörək gətirən iki oğul vardı, onları da tutublar. İnsanlıq xatirinə, heç olmasa, birini buraxın, ailəni dolandıran olsun," vəkil bildirib.
Müdafiə tərəfi hesab edir ki, dövlət başçısına Gəncə hadisələri ilə bağlı düzgün məlumat verilməyib. İş üzrə həbs olunanlara işgəncə verirlər, əziyyət edirlər, iğtişaşların təşkilini etiraf etməyə məcbur edirlər.
Proses avqustun 23-də davam edəcək. Müttəhimlər son sözlə çıxış edəcəklər.
Bundan öncə prokuror Gəncə hadisələri üzrə mühakimə olunan iki qrupun (18 nəfər) cəzasının yumşaldılmasını istəyib.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Elmar Vəliyevin fəaliyyətinə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Zaralov bildirib ki, Elmar Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?