90-ci illərdə qazılan artezian quyusu nə vaxt istifadəyə veriləcək?
Gundemxeber.Az mediaxeberleri.az-a istinadla xəbər verir ki, sosial problemlərdən əziyyət çəkən bölgələrimizdən biri də Tovuz rayonunun, Əlibəyli kəndidir.
Kənd sakinləri düşmənlə təmas xəttində üz-üzə olmasına baxmayaraq heç nədən qorxmadıqlarını və heç zaman kəndlərini tərk etməyəcəylərini deyirlər. Sakinlər vurğulayırlar ki, kəndə elektrik enerjisi, təbii qazın verilməsinə baxmayaraq su qıtlığından əziyyət çəkirik:
"Biz uzun illərdir ki, başlanğıcını Ermənistanın Berd rayonundan götürən bir çayın ümidinə qalmışıq. Nə qədər ki, ermənilərə su lazımdır, çayın qarşısı kəsilir, ermənilər öz təsərrüfatlarının suvarılmasında istifadə edirlər. Onlara lazım olmadıqda isə yağışlar yağmadığı halda ehtiyat məqsədilə çayın qarşısında yaratdıqları su anbarları doldurulur. Əgər burdan su artarsa, o halda ermənilər suyun qarşısını açırlar. Çay gəlmədikdə həyatımızı təhlükə altına qoyub çayın qarşısını açmaq üçün çayın mənbəyinə gedirik. Biz bu çayın suyundan həm içməli su kimi, həm də suvarmada istifadə edirik.
Sakinlərin suya olan tələbatlarının ödənilməsi məqsədilə 90-ci illərdə artezian quyusu da qazılıb. Hətta bir nəfər də o vaxt erməni gülləsindən ağır yaralanıb. Bundan sonra artezian idarəsi işləri yarımçıq qoyub gedib. Quyu indiyədək sakinlər tərəfindən qorunub saxlanılır. Kənddə su yoxdur, buna görə də məcbur olub, suyu pulla alırıq. Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq, hələ də su probleminin həlli üçün tədbir görülmür".
Sakinlər mətbuat vasitəsilə "Azərsu" ASC rəhbərliyinə müraciət edirlər.
Müraciətdə deyilir: "Sovet dövründə kəndə artezian quyusu da qazılıb . Amma artezian idarəsi işləri yarımçıq qoyub gedib. Biz xahiş edirik ki, kəndə su verilişini bərpa edəsiniz".
Sorğu
Yeni dizaynımız necədir?