Azərbaycanda plastik əməliyyatlar gerçəkləşdirən Sirus Qoçqaninin Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edərək, ictimai vəkil Samir Zeynalovun cərimələnməsini, onun barəsində mətbuatda yazılanların təkzib edilməsini tələb etdiyi haqda yazmışdıq. Məsələnin mahiyyəti budur ki, Sirus Qoçqani 2019-cu ilin mayında həkim Sona Gürgün Vəliyevanı əməliyyata götürüb. Əməliyyat acı sonluqla başa çatıb, Sona Gürgün Vəliyeva əməliyyat masasında dünyasını dəyişib. Bundan sonra həmin xəstəxanada plastik əməliyyatlar gerçəkləşdirən Sirus Qoçqaninin adı növbəti qalmaqalın əsas fiquru kimi yenidən mətbuatın gündəminə qayıdıb.
Məlum olub ki, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin əli altında dünyasını dəyişən ilk pasiyent deyil. 2 il əvvəl Sirus Qoçqani daha bir ölüm işində əsas fiqur kimi keçib. “Zəfəran” hospitalda 22 yaşlı model Leyla Oruclu Sirus Qoçqaninin etdiyi əməliyyatdan bir neçə saat sonra dəhşətli ağrılar içində dünyasını dəyişib.
Gürgün Vəliyevanın ölümündən sonra onun ailəsi ictimai vəkil Samir Zeynalova müraciət edərək ölüm işi üzrə günahkarların cəzalandırılmasına yardım etməsini xahiş edib. Olay ictimailəşib, Samir Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını istəyib. Sirus Qoçqani isə ictimai vəkil Samir Zeynalovu susdurmağa çalışır.
Samir Zeynalov barəsindəki iddia ilə bağlı fikirlərini açıqlayıb. O, “Yeni Müsavat”a deyib ki, 07.08.2019-cu il tarixdə Musavat.com saytında “Paytaxtda iki nəfəri öldürən şəxsin cərrah olmadığı üzrə çıxdı” başlıqlı məlumat xarakterli yazı dərc edilib: “Həmin ictimai rezonans doğuran və təkzib edilməyən məlumatdan sonra mən məlumatın həqiqi olub-olmaması haqqında ilk dəfə maraqlı şəxs Sirus Qoçqaniyə 08.08.2019-cu il tarixdə şifahi sorğu ilə müraciət etdim. Lakin o, müraciətimi dəfələrlə cavabsız qoyaraq mənim ünvanıma qeyri-etik və aqressiv təmayüllü sözlər deməklə kifayətləndi. Bu barədə ikinci dəfə 13.08.2019-cu il tarixdə ”Baku Medikal Plaza"nın Babək filalının rəhbərliyinə müraciət etdim. 21.08.2019-cu il tarixdə özünü klinikanın Babək filalının direktoru kimi təqdim edən cənab Pərviz Şükürovla şəxsən görüşüm baş tutdu. Cənab P.Şükürov görüş əsnasında tam əminlik və arxayınçılıqla bildirdi ki, Sirus Qoçqanin sertifikasiyası və müvafiq cərrah ixtisası üzrə diplomu mövcuddur. Daha sonra bildirdi ki, 23.08.2019-cu il tarixdə ya yazılı, ya da şifahi qaydada cavab verəcək. Lakin Pərviz Şükürov bu vədinə əməl etmədi. Bu barədə üçüncü, yəni axırıncı yazılı sorğumu 16.08.2019-cu il tarixdə Səhiyyə Nazirliyinə təqdim etdim. Nazirliyin mənə bu gün (dünən - red.) çatan məktubunda deyilir: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığınız sorğuya baxılmışdır. Bildiririk ki, ”Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən fərdi məlumatların üçüncü şəxsə verilməsinə yalnız subyketin razılığı ilə yol verilir". Nazirlik bununla aşağıdakı xətalara yol verib: 1. İnformasiya əldə etmək Azərbaycan Respublikasının “İnformasiya Əldə Etmək Haqqında” Qanunu və Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi ilə tənzimlənir. 2. Tibb mütəxəssisin sertifikasiyası haqqında məlumatlar fərdi məlumatlar kateqoriyasına daxil deyil və əldə edilməsi məhdudlaşdırılmır. İnformasiya əldə etmək haqqında qanunun 3.0.2-ci maddəsində fərdi məlumatların şərhi haqqında qeyd edilir: şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
Eləcə də həmin qanunun 38-ci maddəsində fərdi məlumatlarla bağlı qeyd edilir: fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır: qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar; etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar; cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda; şəxsin məhkumluğu barədə məlumatlar; sağlamlıq vəziyyəti haqqında məlumatlar; şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar; sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar; ruhi və fiziki əzablara dair məlumatlar; şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar; vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar; maliyyə əməliyyatları barədə məlumatlar.
Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:
38.3.1. cinsi həyat haqqında məlumatlar;
38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;
38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar.
Göründüyü kimi, şəxsin sertifikasiyasının olub-olmaması haqqında məlumat fərdi məlumat kateqoriyasına aid deyil və ölkənin səhiyyə sahəsinə cavabdeh olan qurumun məsul əməkdaşı fərdi məlumatların nələrdən ibarət olduğunu, ümumiyyətlə, fərdi məlumat anlayışı haqqında müvafiq qanunvericiliyin hansı şərhi verdiyini bilmir. Fərz edək ki, Səhiyyə Nazirliyi verdiyi cavabında haqlıdır. Məktubda qeyd olunan fikirdən ifadə olunur ki, Sirus Qoçqani özünün sertifikasiyasının olub-olmaması haqqında sorğunun icra olunmasına dair nazirliyə yazılı razılıq təqdim etməlidir. Sirus Qoçqani isə bunu etməyib.
Nəticə etibarı ilə əsas olaraq Sirus Qoçqaniyə suallar olunur: nədən qorxursan, nədən çəkinirsən? Niyə sertifikasiyanın olub-olmaması haqqında verilən sorğunun icrası üçün razılıq bildirmirsən? Və ya şəxsən özün, niyə sənə ünvanlanan sorğunu cavabsız qoyursan?
Belə çıxır ki, doğrudan da sənin haqqında yayılan məlumatlar həqiqətə adekvatdır və sən bu barədə razılığını susmağınla, nazirliyə yazılı razılıq təqdim etməməyinlə ifadə edirsən".
Samir Zeynalov ona qarşı qaldırılan iddianın əsassız olduğunu diqqətə çatdırıb.
Sorğu
Yeni dizaynımız necədir?