Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 19 oktyabr mitinqində tutulma anını əks etdirən fotonu paylaşaraq ona qarşı edilən qanunsuzluğa və zorakılığa görə şikayət edəcəyini bildirib.
Gundemxeber.Az AXCP sədrinin sosial şəbəkədə paylaşdığı statusunu olduğu kimi təqdim edir:
"Hansı ölkədə dövlət başçısının siyasi rəqibi bu qaydada həbs oluna bilər? Əlbəttə ki, dünyada barmaqla sayılacaq qədər olan tiranlığın hökm sürdüyü ölkələrdə.
Bir ölkənin müxalifət partiya sədri bu şəkildə həbs olunursa, bu mənzərəyə görə ilk növbədə həmin ölkənin Daxili İşlər naziri, Baş prokuroru və dövlət başçısı utanmalıdır. Amma bunlar nə edir? Baş Prokurorluq rəsmi məlumat yayıb ki, başıma xəsarəti də özüm yetirmişəm, üstəlik, daha iki nəfər polis əməkdaşına da xəsarət yetirmişəm.
Heyf prokurorluq orqanlarından. Vaxt var idi ki, bu orqan çox ciddi dövlət orqanı idi. İlham Əliyev idarəetməsi bu cür vacib dövlət orqanını görün nə günə saldı. Vəkillərimlə danışmışam. 1-2 günə prokurorluğa rəsmi şikayətimi təqdim edəcəm. Şikayətimə bədənimdəki ondan artıq xəsarətin foto və videogörüntüsünü də əlavə edəcəm.
19 oktyabr mitinqindən çəkilmiş videogörüntüləri artıq milyonlarla azərbaycanlı izləyib. Artıq nə xalqı, nə dünyanı aldatmaq mümkündür. Bu qədər açıq və ölçüsüz polis zorakılığına haqq qazandıranlar isə (fərq etməz Baş Prokurorluq olsun, ya da müxalifət maskası taxmış biriləri) belə cəhdlərilə yalnız özünü daha da rüsvay edir".
Qeyd edək ki, Milli Şuranın 19 oktyabrda baş tutan mitinqində polislərin aksiya iştirakçılarına və aksiyanın baş tutduğu ərazidən keçən vətəndaşlara qarşı etdiyi zorakılıq dünya mediasının gündəmini zəbt edib. Dünyanın ən nüfuzlu media orqanları Bakıda baş verən bu zorakılığı insan haqlarına qarşı edilən barbarlıq adlandırıb.
Aksiya zamanı yüzlərlə adam döyülüb, təhqir edilib və müxtəlif dərəcəli xəsarət alıb. AXCP sədri isə aksiya zamanı həbs edilərək avtobusa salınıb və orada bir saat yarımdan çox qolları qandallı vəziyyətdə işgəncə verilib. Ə.Kərimli azadlığa çıxdıqdan sonra verdiyi ilk açıqlamada bildirib ki, ona kameranın önündə işgəncə veriblər və bunu kiməsə canlı izlədiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?