Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 7-də ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin şikayəti əsasında qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan hökuməti ona 17 min avro təzminat ödəməlidir.
Məhkəmə növbəti dəfə Azərbaycanın 18-ci maddəni (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozduğunu tanıyıb. Avropa Məhkəməsi indiyə qədər bu qərar üzrə ReAL Partiyasının rəhbəri İlqar Məmmədov, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov də digərlərinin işi üzrə pozuntunu tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, hökumət Natiq Cəfərliyə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusuna yol verib.
Buna səbəb 2014-cü ilin aprel ayında Natiq Cəfərliyə cinayət işi açılması, hüquq-mühafizə qurumlarında dəfələrlə sorğu-sual edilməsi, 2016-cı ilin avqustunda həbs olunmasıdır.
Həmin vaxt Natiq Cəfərliyə qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülüb, məhkəməyə qədər 4 aylıq həbs qətimkan tədbiri seçilib. Rəsmi ittihamda iddia edilir ki, o, aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib. Natiq Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə saxlanılıb, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?