Hər il Azərbaycanda təhsil sisteminə təxminən 70 min vətəndaş daxil olur. Ancaq onlardan təxminən 50 mini təhsilini davam etdirmir və sözsüz ki, əmək bazarında da özünə layiqli iş tapa bilmir. Burada da layiqli iş tapa bilmədikdə, onlar hansısa yollarla xaricə gedirlər. Həmin ölkələr isə bu şəxsləri kvalifikasiyasız olduğu üçün geri qaytarırlar.
Gundemxeber.az xəbər verir ki, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.
Onun sözlərinə görə, belə halların olmaması üçün gənclərin təhsillərini davam etdirməyə təşviq etməliyik.
E.Süleymanov qeyd edib ki, hazırda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var: "Kvalifikasiyasız işçi qüvvəsi heç kimə lazım deyil. Bəzi insanlar kvalifikasiyası olmadığına görə əmək bazarına daxil ola bilmirlər. Azərbaycanda hər il yetkinlik yaşına çatan 140-150 min gəncin təqribən 20 mini nə əmək bazarına daxil olur, nə də təhsilini davam etdirir. Əfsuslar olsun ki, bunların əsas hissəsini qızlar təşkil edir. Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində qızları tez ərə verir, ya da ailə qurmağa hazırlayırlar".
Şöbə müdirinin sözlərinə görə, vacib məsələ odur ki, hökumət mövcud problemləri həll edir, bununla bağlı strategiya mövcuddur.
E.Süleymanov Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu da söyləyib.
O qeyd edib ki, ölkədə doğulanların sayı ölənlərin sayından demək olar ki, 3 dəfə artıqdır:
"Sözsüz ki, bu, bizi sevindirir. Ancaq bu məsələ həm də hökumət qarşısında böyük çağırışlar qoyur. Doğulan, əmək qabiliyyəti yaşına çatan insanların layiqli işlə təmin edilməsi vacib çağırışlardan biridir".
Nazirlik rəsmisi əlavə edib ki, son illər ərzində Azərbaycanda hər il 140-150, bəzən isə 160 minə qədər uşaq doğulur. Onların 96-97 faizi əmək qabiliyyətli yaşa çatır. 15 yaşdan sonra onlar ya təhsillərini davam etdirir, ya da əmək bazarına daxil olurlar: "İqtisadiyyatımız o qədər güclü olmalıdır ki, bu insanların hər biri üçün iş yeri yarana bilsin. Eyni zamanda pensiya yaşının qaldırılması ilə bağlı qərarların verilməsi də bizi bəzi çağırışlarla üzləşdirdi. Hər il pensiya yaşı çatdığı üçün əmək bazarını tərk edən yaşlı vətəndaşların sayı təqribən 20 min nəfər azalır. Digər tərəfdən də yaşlı vətəndaşlarımızın əmək bazarından çıxma sürəti azalıb".
Sorğu
Yeni dizaynımız necədir?