"Həm həbs şəraiti, həm də ona olan münasibət sağalmasına imkan vermir"
Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini Ruhullah Axundzadənin səhhətində ciddi problemlər olduğu bildirilir. Gundemxeber.Az bildirir ki, bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Ailə üzvlərinin sözlərinə görə, 65 yaşlı inanclı məhbus 2013-cü ildə miokard infarkt keçirmişdi, ondan sonra səhhətindəki problemlər getdikcə artmağa başlayıb: "Həm həbs şəraiti, həm də ona olan münasibət sağalmasına imkan vermir". Yaxınları deyir ki, R.Axundzadə hipertoniyadan da əziyyət çəkir, bu üzdən mütəmadi dərman qəbul etmək məcburiyyətindədir. Dərman asılılığı da gözlərinin tutulmasına, kəskin böyrək çatışmazlığına, qaraciyərində ciddi zədə və qarın boşluğu problemlərinin intensivliyinə gətirib çıxarıb: "Axır vaxtlarda vəziyyəti ilə əlaqədar həbsdə gündəlik qaydalara da riayət edə bilmir. Çünki ayaq üstə sərbəst dayana bilmir. Artıq dərmanlar da kömək göstərmir". Yaxınları bildirir ki, vəziyyətdən onun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi də xəbərdardır. Amma lazımi addımlar atılmır. Yaxınları bu cür münasibətin onun siyasi baxışları ilə əlaqəli olduğunu düşünür. Penitensiar Xidmətdən isə bildirilib ki, məhbuslar arasında heç bir ayrı-seçkilik qoyulmur: "Kiməsə siyasi baxışlarına görə qərəzli münasibət haqda iddialar da həqiqətəuyğun deyil. Bütün məhbusların sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Ona görə də hansısa məhkumun səhhətində problem yarananda istər cəzaçəkmə müəssisəsinin əməkdaşları, istərsə də Tibb Baş İdarəsinin həkimləri dərhal lazımi addımları atır". Azərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadə 2011-ci il yanvarın 21-dən həbsdədir. O, 11 il 6 ay azadlıqdan məhrum edib. Yaxınları, özü və vəkilləri onun təqsirsiz olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?