Son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endiriləcəyi barədə xəbərlər yayılıb.
Məsələn, İsrail24.info nəşri yazıb ki, “Azərbaycan hakimiyyəti İsrailə öz ərazisindən zərbələr endirməyə icazə verdi. İsrailin İrana qarşı açıq-aşkar təcavüzü Tel-Əvivin İran ərazisinə zərbə vurmaq üçün yeni bir tərəfdaş tapmasına gətirib çıxardı... İsrail üçün belə tərəfdaş Azərbaycan oldu, hansı ki, tərəfdaşlarına öz hava limanlarına pilotsuz uçuş aparatları yerləşdirməyə və həmçinin, “New York Times” qəzetinin yazdığına görə, qonşu dövlətə öz ərazisindən zərbələr endirməyə icazə verdi".
ABŞ nəşri yazır ki, “Amerikanın casus peykləri İsrail dronlarının Azərbaycandakı bazalardan necə qalxdıqlarını və İran sərhədindən cənuba doğru necə istiqamət götürdüklərini müşahidə edib. Onlar həmçinin, İranın nüvə qurğularının foto və videolarını çəkib və İranın hava hücumundan müdafiə sistemlərinin bu müdaxiləni aşkar edib-etmədiyini təsbit ediblər.
Bundan əlavə, İsrail mediası yazıb ki, "bir neçə həftə əvvəl İraq mətbuatı İsrailin İraqdakı İran hərbi qüvvələrinə hücum üçün Azərbaycan ərazisindən uçan dronlardan istifadə etdiyini bildirib...".
Müdafiə Nazirliyindən məsələ ilə bağlı virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür.
Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?