Koronavirus sanki görünməmiş kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir... Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək. Bəs bu pandemiya bir sınaq kimi bizə nəyi öyrədəcək? Torpaqlarının 20%-i işğal olunmuş və bununla da milli heysiyyatı tapdanmış, mənəvi dəyərləri xeyli aşınmış, mərhəmət hissi dəfn olunmaqda olan xalqımızda keyfiyyət dəyişikliyi baş verəcəkmi? Xatirimdədi, mən uşaq olanda mahalda, obada dul qadın, əlil adam, tənha yaşayan insanlar hamının diqqət mərkəzindəydi. Hamı onlara əl tutar, kömək edər, süfrəsinə dəvət edər, mərhəmət göstərərdi. İnsanlar göstərdiyi mərhəməti kimsənin bilməsini qəti istəməzdi. Hesab edərdi ki, mərhəmət yalnız vicdan qarşısında hesabatdır! İnsanlar arasında onları güvənli edən, insan cildində saxlaya bilən həqiqi bir səmimilik, kişi sözü, etibar, ləyaqət kimi indi arxaizmə çevrilən anlayışlar var idi! İnsanlar fədakarlıq və məhrumiyyətlərə sinə gərməklə şərəf və ləyaqətini hər şeydən üstün tutmağa çalışardılar. 50 yaş və yuxarı nəsil bu günləri çox yaxşı xatırlayır. Hazırda sözün cəmiyyətdə çəkisi o qədər aşağı düşüb ki, yüksən mənəviyyatdan danışmaq bayağı səslənir artıq. İmtiyaz yolu sanki instinktiv olaraq hədəflənmiş yola çevrilib. Baxmayaraq ki, bu seçim gözlərimiz önündə çox başları əyməklə millətin qürur hissini zədələyib. Bunları niyə yazıram, əziz qardaşlar və bacılar! Bioloji təhlükə - pandemiya tezliklə ötüb keçəcək. Bəs biz yeni dövrə bu sınaqdan hansı sima ilə çıxacağıq: Bir millət kimi (mən millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə? Gəlin birlikdə düşünək... Uca millətimizə eşq olsun!
Hörmətlə, Adil Qeybulla Bakı şəhəri, 12 aprel 2020
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?