Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aprelin 15-də evindən çıxarkən saxlanılıb. O, evdən çıxmazdan əvvəl 8103 nömrəsindən SMS-icazə alıb. Onun harada saxlanıldığı məlum deyil.
Bu barədə AXCP məlumat yayıb.
Partiyanın məlumatında bildirlir ki, partiya fəalları SMS-icazə aldıqdan sonra da saxlanılır.
"Birdəfəlik desinlər ki, SMS-icazələrin AXCP üzvlərinə aidiyyatı yoxdur", AXCP qeyd edir.
Partiyanın məlumatında deyilir ki, Azərbaycan hakimiyyəti artıq dünyada koronavirus pandemiyasından da öz tənqidçilərini və siyasi müxalifəti repressiyaya məruz qoymaq üçün istifadə edən rejim kimi tanınır.
“Amma təəssüf ki, səhvini anlayıb geri çəkilmək əvəzinə daha artıq rüsvayçılığa gedir, AXCP bildirir.
Niyaməddin Əhmədov ictimai əsaslarla AXCP liderinin mühafizəsində iştirak edib. Bir müddət əvvəl Kərimlinin digər mühafizəçisi Ruslan Əmirov həbs edilib.
AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.
Azərbaycan Daxili İşlər Nazirliyi karantin rejiminin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir.
Nazirliyin məlumatına görə, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.//amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?