Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb və qərar verilib. Plenumun qərarına əsasən, İ.Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək.
Qərarı şərh edən İ.Məmmədov bunu Azərbaycan məhkəmə-hüquq tarixində yeni mərhələ adlandırıb: "Mənim üzərimdən nəinki məhkumluq götürüldü, mən artıq təqsirsizəm. Bundan o tərəfi yoxdur, tam haqlı, tam hüquqlu vətəndaşam. Mənəvi kompensasiya da önəmlidir. Amma ən önəmli odur ki, Ali Məhkəmənin Plenumu mənim təqsirsizliyimi təsdiqlədi". Nəticələri ləğv olunan dairələr üzrə keçiriləcək parlament seçkilərində iştiraka gəlincə, ReAL sədri bildirib ki, bu məsələ ilə bağlı hələ konkret qərarı yoxdur: "Onu hələ dəyərləndirəcəyik". Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib. Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ai Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdiriib və şərti cəzası ləğv edilib. Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?