Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini tənqidçilərə qarşı genişmiqyaslı repressiyalara başlamaqda və yeni koronavirus pandemiyası nəticəsində yaranan problemlərin kəskinləşməsi fonunda ifadə azadlığını məhdudlaşdırmaqda qınayır.
RATİ-nin bu gün, aprelin 27-də yaydığı bəyanatda deyilir ki, hüquq müdafiəçilərinin, jurnalistlərin və ictimai-siyasi fəalların, həmçinin sadə vətəndaşların uydurma cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan prezidentinin bütün müxalif fikirliləri düşmən kimi tanıması və məcburi təcrid olunmasının vacibliyi ilə bağlı son çağırışlarının nəticəsidir.
Xüsusən, tanınmış müxalifətçi Tofiq Yaqublu, hüquq müdafiəçisi Elçin Məmməd, müxalifətçi Zamin Salayev həbsə məruz qalıb. Guya karantin rejimini pozmaq bəhanəsi ilə müstəqil reportyorlar İbrahim Vəzirov, Mirsahib Rahiloğlu, Natiq İsbatov və İsmayıl Nadirli həbs edilib.
Xalq Cəbhəsi Partiyasının lideri, müxalifət lideri Əli Kərimli qeyri-rəsmi ev dustağı edilib, onun yerli və beynəlxalq mətbuata müsahibə verə bilməməsi üçün mobil və ev telefonu söndürülüb. Son 10 gündə informasiya blokadasının səbəbləri ilə tanış olmaq və onunla video-müsahibə hazırlamaq üçün Əli Kərimlinin evinə gələn bir çox jurnalist hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları tərəfindən qeyri-qanuni təhdidlərə məruz qalıb
RATİ Azərbaycan hakimiyyətini söz azadlığını boğmağa, yuxarıda göstərilən bütün hücumlara dərhal son qoymağa və istisnasız olaraq bütün siyasi və vicdan məhbuslarını (120-dən çox) dərhal azad etməyə çağırır.
RATİ eyni zamanda beynəlxalq təşkilatları öz səlahiyyətləri çərçivəsində Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləməyə və onlardan ölkənin ifadə azadlıqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərinə ciddi əməl etməyi və hətta yeni koronavirus epidemiyasının yayılması təhlükəsi zamanı onların məhdudlaşdırılmasına imkan verməməyi tələb etməyə çağırır.
Öz növbəsində Azərbaycanın hüquq mühafizə orqanları karantin rejiminin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir. Ölkə rəsmiləri insanların siyasi baxışlarına görə təqibə məruz qoyulmadığını, ölkədə siyasi məhbusların olmadığını bəyan edir.
Bununla yanaşı, hüquq müdafiəçiləri hazırda onlarla insanı siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 10-dan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.//amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?