"Azərbaycan-Rusiya (Dağıstanda) sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq. Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq".
Gundemxeber.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün Dağıstanda Rusiya polisinin Azərbaycana qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlılara qarşı zor tətbiq etməsinə münasibət bildirərkən deyib.
Millət vəkili hesab edir ki, bu məsələnin qısa zamanda həllini tapması vacibdir.
"Vəziyyətin bu səviyyəyə çatması çox üzücüdür. Həmin vətəndaşlarımızın karantin rejimi qaydalarına uyğun olaraq, sərhəddən keçidlərinin qısa zamanda təmin olunması çox vacibdir. Sərhədyanı rayonlarımızda kifayət qədər istirahət mərkəzləri, otellər mövcuddur və o insanları orada karantində yerləşdirmək mümkündür. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhəddəki həmvətənlərimizin ölkəmizə keçə bilməsi və karantində qalmasını qısa zamanda təmin edəcəyinə inanırıq. Onların əksəriyyəti sağlam insanlardır. Amma onların kütləvi şəkildə günlərlə bir yerdə olması, koronovirusun yayılma ehtimalını da artırır. Hesab edirəm ki, onların problemi təcili həll olunmalıdır. Bu həm də bir dövlət olaraq, imic məsələsidir. Çünki, hər gün müxtəlif telekanallar, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan qüvvələrə arqument verməməliyik. Cənab Prezidentimizin hər bir vətəndaşımıza həssas münasibətini nəzərə alaraq bu məsələnin qısa zamanda həllini tapacağına inanırıq", - deyə Qənirə Paşayeva bildirib.
Qeyd edək ki, karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb.
Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.
Ötən gün sərhəddə qalan Azərbaycan vətəndaşlarını dağıtmaq üçün Dağıstan polisi havaya atəş açıb. Vətəndaşlarımıza qarşı zor tətbiq edən polis qüvvələri onları yerə uzadaraq təhqir edib. Həmvətənlilərimiz arasında xəsarət alanlar var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?