Ən zəhləm gedən şey -bürokratiya, kabinetlərdir. Mayakovski kimi, mən də bürokratiyanı qurd kimi gəmirərdim. Amma və nə yazıq, koronavirus karantini rejimi yardım amacı ilə kabinətlərə “sms”lə də olsa , girməyə vadar etdi. Aldığım cavablardakı imtina əsaslandırmaları gülüş başkəndimiz Şəki gülməcələrini də kölgədə qoydu.
İşsiz kimi uçotda olduğumu dedim, aktiv VÖEN -imin olduğunu bildirdilər. VÖEN-imin onrəqəmli nömrəsini istədim, bizdə 21-dir, özünə get, dedilər.
Çətinliklə də olsa, hələ ki, nəfəs aldığımı dedim, dedilər, aldığın bəsdir, yardım düşmür. Ha başımı işlətdim , dedilər başın işləyirsə, işləyənin var, yardım düşmür. (Körpəsinin qarnı işləyən anaya da “işləyən” var, yardım düşmür “ deyilib) . Bir sözlə, saatımın, telefonumun “işləməsi” yardımdan məhrum edilməyimi “əsaslandırdı”.
Evli olmadığımı dedim, dedilər, həyat yoldaşın ki işləyir! ? Evli olduğumu deyəndə, evin var, yardım düşmür, dedilər.
Daha başımı işlədə bilmirəm, amma iki aylıq kampaniya bitdiyindən, işləməməyə görə yardımdan yenə də məhrumam. Heç demə, baş gərək aprel, may aylarında işləməyəydi. İyunda işləməyən başa yardım düşmür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?