Rusiya ilə Azərbayacan sərhəddində, Dağıstan ərazisindəki Kullar kəndi yaxınlığında baş verən insidentdən sonra 100-ə yaxın azərbaycanlı həbs edilib.
Bu barədə "İnterfaks"a Məhərrəmkənd rayonunun rəhbəri Fərid Əhmədov bildirib. Həbslər sərhəddə baş verən konfilikdən sonra başlayıb. F.Əhmədovun sözlərinə görə, saxlanılan 93 nəfərdən 80-na 10 sutka cəza verilib.
Xatırladaq ki, müvəqqəti saxlanma düşərgəsində baş verən hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və digər şəxslərin əmlakına qəsdən ziyan vurmaqla maddələri ilə cinayət işi başladılıb.
İyunun 15-də Kullar kəndi yaxınlığındakı müvəqqəti yerləşmə məntəqəsindəki Azərbaycan vətəndaşları ilə polis arasında toqquşma olub. Rusiya mətbuatının yazdığına görə, məntəqədəki Azərbaycan vətəndaşları polisə hücum ediblər, maşınlara maddi ziyan vurublar. Onlar öz ölkələrinə qayıda bilməmələrinə etiraz ediblər və hamının buraxılış məntəqəsindən qarşı tərəfə buraxılmasını tələb ediblər. Bundan sonra hadisə yerinə əlavə qüvvələr cəlb edilib.
İki ölkə arasında sərhədlər pandemiya ilə əlaqədar bağlanıb. Nəticədə vətənə gələ bilməyən 800-ə yaxın azərbaycanlı adıçəkilən ərazidə qalmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə münasibət bildirərkən qeyd edib ki, dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd edilib. "Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik.
Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq”.
İnsidentdən sonra Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində müvəqqəti məskunlaşan şəxslərdən bir qismi Azərbaycana gətirilib./BakuPost
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?