Bu gündən etibarən Azərbaycanda tütün məmulatlarının 0,10 manat bahalaşması iki vacib amilin təsiri nəticəsində baş verib.
Bunu "APA-Economics"ə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq tütün məmulatları istehsalçısı olan şirkətdən bildirilib.
Mənbənin sözlərinə görə, birinci səbəb – ölkədə bu ilin əvvəlindən aksiz vergisinin artırılmasıdır: "Bildiyiniz kimi, daxili istehsal üçün aksiz dərəcəsi siqaretlərin hər 1 000 ədədi üçün 20 manatdan 31 manata, idxal olunan siqaretlər üçün isə hər 1 000 ədədi üçün 28 manatdan 39 manata qaldırılıb. Yəni 20 manat olduğu təqdirdə, hər qutuya düşən aksizin yükü 0,40 manat təşkil edirdi. Əlavə olaraq 11 manat artırılandan sonra isə hər qutuya düşən aksizin qiyməti əlavə 0,22 manat artaraq 0,62 manata çatdırılıb. İstehsalçılar qiyməti 0,10 manat qaldırıblar, halbuki hər qutuya düşən aksizin qiyməti 0,22 manat artırılıb. Yəni faktiki olaraq 0,12 manatı şirkətlər öz üzərinə götürüb".
Qiymət artımının digər səbəbi isə bazarda qaçaqmalçılıqla mübarizə mexanizmi kimi dəyərləndirilir.
"Ümumiyyətlə, qiymətlər cüzi artırılıb. Burada qaçaqmalçılıqla mübarizə ilə yanaşı, əlbəttə ki, əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınıb. Belə ki, bazarda aşağı seqmentli siqaretlərin qiyməti bir qayda olaraq artanda, qaçaq yolla gətirilən məhsullar onların yerini tutur. Bu isə leqal siqaretlərin satışına təsir edir. Beləliklə, biznes olaraq, həm biz itiririk, həm də dövlət büdcəsinə daxilolmalar azalır. O baxımdan biz aqressiv qiymət siyasəti yürütməməyə və artımın müəyyən qədər liberal olmasına çalışırıq", - deyə şirkətdən bildirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?