"Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu sərbəst buraxmalı və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir."
Bu barədə mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun 7 il həbsə məhkum edilməsi ilə bağlı bəyanatında deyilir.
Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya proqramlar koordinatoru Gülnoza Səid deyib ki, Azərbaycan rəhbərliyi jurnalisti dərhal sərbəst buraxmalıdır.
“Səlahiyyətli şəxslər reportaj hazırladığına görə Sadıqovu təqib etməyi dayandırmalı, ona və Azərbaycandakı digər müstəqil jurnalistlərə işlərini sərbəst və etibarlı şəkildə yerinə yetirmələrinə imkan verməlidirlər," o qeyd edib.
Xatırlama
Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 3-də Sadıqovu 7 il həbsə məhkum edib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunur.
Sadıqov məhkəmədə günahsız olduğunu, peşə fəaliyyətinə görə cəzalandırıldığını bəyan edib. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.
Jurnalist məhkəmənin hökmünə etiraz olaraq noyabrın 4-dən aclıq aksiyasına başlayıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən baş redaktorun aclıq aksiyası ilə bağlı hələ şərh almaq mümkün olmayıb./amerikaninsesi.org/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?